BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi və Amerika-İslam Əlaqələri Şurası kimi təşkilatlar fəalların dərhal buraxılmasını tələb edib və beynəlxalq sularda mülki şəxslərə qarşı güc tətbiqini qınayıb.
İsrailin son hücumuna aşağıdaki ölkələr reaksiya verib.
Türkiyə
Türkiyə Qəzzaya yardım aparan “Madleen” gəmisinin limana çatmasına icazə verməyən İsraili qınayıb və Tel-Əvivin “Freedom Flotilla” koalisiyasına qarşı beynəlxalq sularda hərəkətini “beynəlxalq hüququn açıq şəkildə pozulması” adlandırıb.
“Netanyahu hökumətinin bu qəddar hərəkəti naviqasiya azadlığını və dəniz təhlükəsizliyini təhdid edir və bir daha göstərir ki, İsrail terror dövləti kimi davranır”, - deyə Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib.
Nazirlik beynəlxalq ictimaiyyətin Qəzzada aclığı silah kimi istifadə edən və humanitar yardımın çatdırılmasını əngəlləyən İsrailin soyqırım siyasətinə qarşı haqlı reaksiyasının davam edəcəyini vurğulayıb.
Fransa
Fransız millət vəkilləri, Qəzzaya yardım aparan “Madleen” gəmisinin saxlanılmasından sonra fəalların azad edilməsini tələb edib.
Solçu “France Unbowed” (LFI) partiyası bəyan edib ki, yardım gəmisindəki fəalların saxlanılması “beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.”
İran
İran beynəlxalq fəalları aparan, Qəzzaya yardım daşıyan gəminin saxlanılmasını “quldurluq” adlandıraraq İsraili qınayıb.
“Bu gəmiyə hücum beynəlxalq sularda baş verdiyi üçün, beynəlxalq hüquqa əsasən, quldurluq hesab olunur”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Əsmail Bəqai Tehranda keçirdiyi mətbuat konfransında bildirib.
BMT
BMT-nin xüsusi məruzəçisi Françesca Albanese Aralıq dənizi limanlarını daha çox yardım gəmisi göndərməyə çağırıb və İsrail mühasirəsini qırmaq cəhdlərini “dövlətlərin hüquqi vəzifəsi və hər kəs üçün mənəvi borc” adlandırıb: “Onlar birlikdə yola çıxmalıdır, birləşmiş halda, dayanmadan. “Madleen” yardım gəmisi dərhal azad edilməlidir”.
“Böyük Britaniya hökuməti təcili tam açıqlama tələb etməli və gəmi ilə heyətinin dərhal buraxılması təmin olunmalıdır”, - deyə Albanese bildirib.
Həmas
Fələstin müqavimət qrupu Həmas, Qəzzaya yardım aparan gəminin saxlanılmasını “dövlət terrorizmi” adlandıraraq bəyan edib: “Madleen” gəmisinin dənizdə saxlanılması və soyqırım müharibəsi ilə üzləşən xalqımıza simvolik yardım çatdırılmasının qarşısının alınması “təşkil olunmuş dövlət terrorizmi, beynəlxalq hüququn açıq şəkildə pozulması və humanitar məqsədlərlə hərəkət edən mülki könüllülərə hücum”dur. Qəzza mühasirəsini qırmaq cəhdi Qəzzanın tək olmadığını və faşist işğala qarşı bəşəriyyətin vicdanının hələ də canlı olduğunu.”
İspaniya
İspaniya Əmək naziri və üç baş nazir müavinindən biri olan Yolanda Díaz “Madleen” gəmisinin İsrail tərəfindən ələ keçirilməsini qınayıb və Aİ-ni qətiyyətli reaksiya verməyə çağırıb.
“Qəzzaya humanitar yardım aparan “Madleen” gəmisinin ələ keçirilməsini qətiyyətlə qınayıram. Bu, beynəlxalq hüququn pozulmasıdır və Aİ-dən güclü və aydın reaksiya tələb edir. Hazırda saxlanılan könüllülərə tam dəstəyimi bildirirəm. Onların dərhal buraxılmasını tələb edirik. #AllEyesOnMadleen”, - deyə o, “Bluesky” sosial media platformasında paylaşıb.