Kreml bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sərgilədiyi sərt mövqe Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpasına yönəlmiş danışıqların sona çatması anlamına gəlmir.
Donald Tramp iyulun 14-də verdiyi açıqlamada Ukraynada atəşkəsin təmin olunması üçün rəsmi Moskvaya 50 günlük möhlət verdiyini və bu müddət ərzində razılıq əldə olunmazsa, Rusiyanın yeni sanksiyalarla üzləşəcəyini bildirib. O, həmçinin Ukraynaya daha çox raket göndəriləcəyini vurğulayıb. Trampın bu açıqlamaları Rusiya Xarici İşlər Nazirliyi tərəfindən sərt şəkildə tənqid olunub.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin Trampın bəyanatlarına dair suallarını cavablandıraraq deyib:
“Biz bu açıqlamaların ciddi mənası olduğunu düşünmürük. Təbii ki, bu məsələlər bir-birindən fərqlidir. Bir tərəfdə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli var, digər tərəfdə isə Rusiya-ABŞ ikitərəfli münasibətləri dayanır.”
Qeyd edək ki, Donald Tramp prezident vəzifəsinə gəldikdən sonra Moskva ilə Vaşinqton arasında dialoq müəyyən qədər canlanıb. Lakin Tramp son vaxtlar Rusiya Prezidenti Vladimir Putinin mümkün atəşkəslə bağlı təklif etdiyi şərtlərdən getdikcə daha çox narazı qalır.
Rusiya və Ukrayna bu ilin əvvəlində Türkiyədə sülh danışıqları aparıb. Danışıqlar nəticəsində əsirlərin və əsgərlərin meyitlərinin mübadiləsinə dair razılıq əldə olunub. Lakin növbəti danışıqlar üçün hələ konkret tarix müəyyən edilməyib.