Vyetnamın məşhur Ha Lonq körfəzində içərisində 53 nəfərin olduğu turist qayığının batması nəticəsində ölənlərin sayı 34-ə yüksəlib. Bu barədə Quanq Ninh əyalətinin hakimiyyət orqanları mәlumat yayıb.
Hadisənin Dau Qo mağarasının yaxınlığında baş verdiyi bildirilir. Rəsmilərin mәlumatına görə, indiyədək 12 nəfər xilas edilib, 34 nəfərin meyiti sudan çıxarılıb. İtkin düşәnlәrin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.
Qayıqda ümumilikdə 48 turist və 5 ekipaj üzvü olub. Hadisә ilә bağlı araşdırmalara başlanılıb.
Hadisə yerinə polis və yerli hakimiyyət orqanlarının dəstəyi ilə xilasetmə qrupları cəlb olunub. Lakin əlverişsiz hava şəraiti səbəbindən axtarışlar şənbə günü müvəqqəti olaraq dayandırılıb.
Əhəngdaşı qayaları və təbii gözəlliyi ilə tanınan Ha Lonq körfəzi YUNESKO-nun Dünya İrsi Siyahısında yer alır və Vyetnamın ən çox ziyarət edilən turistik məkanlarından biridir.