Banqladeşin müvəqqəti hökuməti bazar ertəsi qonşu Hindistandakı bir siyasətçinin ölkədəki hinduları və digər azlıqları zorakı hücumlardan qorumaq üçün BMT sülhməramlılarına etdiyi çağırışa reaksiya verib.
Avqust ayında tələbələrin başçılıq etdiyi üsyan 15 il dəmir yumruqla hakimiyyəti idarə edən baş nazir Şeyx Hasinanın devrilməsi ilə nəticələndi. Hasinanın devrilməsindən sonra hindu icmasına qarşı bir neçə hücum həyata keçirilib. Hindu icmasının liderləri zorakılıq aktlarına görə narahatlıqlarını ifadə ediblər.
Hindistanın Qərbi Benqal əyalətinin baş naziri Mamata Banerji narahatlıqlarını BMT-yə bildirməsi üçün Yeni Dehliyə çağırış edib. "Sülhməramlı qüvvələr Banqladeşə göndərilə bilər və xalqımız xilas ola bilər", - Banerji deyib.
Qarşılıqlı maraqlar
Banqladeşin xarici işlər naziri Touhid Hossain Hasinanın devrilməsindən sonra Hindistan rəhbərliyinə qarşı edilən ən böyük tənqidlərdən biri olaraq hesab edilən açıqlamaya görə kədərləndiyini bildirib.
O, jurnalistlərə açıqlamasında deyib: "Mamata Banerjinin niyə belə açıqlama verdiyini bilmirəm, bunu başa düşə bilmirəm. Mən onu şəxsən tanıyıram, bir neçə dəfə evində olmuşam".
Touhid Hindistan mediasını Banqladeşdəki hinduların vəziyyəti haqqında dezinformasiya yaymaqda günahlandırıb, lakin qonşu hökumətə daha sülməramlı mesaj verib.
Touhid deyib: "Problemləri həll etmək olar. Qarşılıqlı maraqlar qorunmalıdır. Banqladeş Hindistanla dostluq münasibətləri qurmağı arzulayır".
Hasinanın devrilməsindən sonra demokratik islahatların həyata keçirilməsi ilə məşğul olan müvəqqəti kabinetin üzvü Touhid azlıqlarla bağlı məsələlərdə yanlış təsəvvürləri aradan qaldırmaq üçün digər xarici diplomatlarla da görüşdüyünü söylədi.