Rəsmi Təl-Əviv ilk dəfə olaraq HƏMAS-la müharibənin sona çatdırılması ehtimalı ilə bağlı danışıqlara başlayıb. Bu barədə “Haaretz” qəzetinin israilli siyasi mənbəyə istinadən yaydığı xəbərdə bildirilib.
Qəzetin məlumatına görə, hazırkı danışıqlar əvvəlki əsir mübadiləsi razılaşmalarından fərqlənir və bu dəfə əsas məqsəd müharibənin tamamilə dayandırılmasıdır. Mənbə bildirir ki, bu səbəbdən proses daha mürəkkəbdir və bir-biri ilə bağlı bir çox məsələni əhatə edir.
Məlumata görə, razılaşmada 60 günlük atəşkəs rejimi nəzərdə tutulur. Bu müddət ərzində 10 israilli girovun azad edilməsi və müharibənin sona çatdırılması üçün intensiv danışıqların aparılması planlaşdırılır.
Mənbə əlavə edib ki, danışıqlarda müharibənin necə sona çatacağı və ya davam edəcəyi, Qəzzadakı vəziyyət, bütün girovların geri qaytarılması kimi məsələlər müzakirə edilir. Razılaşmada müharibənin dayandırılması ilə bağlı xüsusi bəndin olduğu bildirilir.
İsrail mediasının cümə günü yaydığı xəbərə görə, əgər Fələstin tərəfi təklifin təfərrüatlarını müzakirə etməyə razılıq versə, İsrail Dohaya ikinci nümayəndə heyəti göndərməyi nəzərdən keçirir. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə hazırlanmış təkliflərdə 60 günlük atəşkəslə yanaşı, əvvəlcə 10, sonra isə ümumilikdə 18 əsirin azad olunması nəzərdə tutulur.
Son 21 ayda atəşkəsə nail olmaq və əsir mübadiləsi üçün İsrail və Fələstinin müqavimət hərəkatı ‘‘Həmas’’ arasında bir sıra dolayı danışıqlar aparılıb.
İsrail ordusu beynəlxalq atəşkəs çağırışlarına baxmayaraq 2023-cü ilin sonundan bu yana Qəzzada genişmiqyaslı hərbi əməliyyatlarını davam etdirir. Bu hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 59 mindən çox fələstinli həyatını itirib. Davamlı bombardmanlar bölgəni xarabalığa çevirib, qida çatışmazlığı və xəstəliklərin yayılması kimi humanitar fəlakətlərə səbəb olub.
2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində Qəzzada hərbi və insanlığa qarşı cinayətlər törətdiklərinə görə həbs orderi verib. İsrail hazırda Qəzzada apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırımla bağlı iş üzrə də mühakimə olunmaqdadır.