İsrail İranın nüvə və hərbi obyektlərinə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. Bunlar İranın nüvə zənginləşdirmə proqramı ilə bağlı gərginliyin artdığı bir vaxtda baş verib.
İsrailin hücumlarına cavab olaraq İran Əsl Vəd III Əməliyyatı adı altında İsrailə qarşı çoxsaylı raket atıb.
Bu hücumlar iki əzəli rəqib arasında ən böyük birbaşa hərbi qarşıdurma kimi qiymətləndirilir. İsrail mənbələri İranın 200-dən çox hədəfinin, o cümlədən nüvə obyektləri, hava müdafiə sistemləri və raket bazalarının vurulduğunu iddia edir. Hücumların F-35 qırıcı təyyarələri, dronlar və uzaq mənzilli dəqiq raketlər vasitəsilə həyata keçirildiyi bildirilir. Hədəflər arasında İsfahan, Fordo, Ərak, Tehran və İranın qərbindəki bir neçə hərbi obyekt yer alıb.
İsrailin hədəf aldığı obyektlər bunlardır:
Natanz nüvə obyekti. İsfahanda İranın ən güclü qorunan zənginləşdirmə obyektlərindən biri olan Natanz yerüstü pilot yanacaq zənginləşdirmə zavodu və ətrafındakı dəstək strukturlarına zərər dəyib. Peyk görüntüləri yeraltı uran zallarının əsasən toxunulmaz qaldığını göstərir, lakin əsas əməliyyat binaları sıradan çıxarılıb. Beynəlxalq Atom Enerji Agentliyi təsdiqləyib ki, zənginləşdirmə zavoduna zərbə endirilib. İran hakimiyyəti obyektin ətrafında radiasiya səviyyəsinin artmasını aşkar etməyib. İranın Atom Enerjisi Təşkilatı obyekt daxilində nüvə çirklənməsinin aşkarlandığını, lakin xaricə yayılmadığını bildirib.
Fordo nüvə obyekti. Qum yaxınlığında İranın yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, Fordo nüvə obyekti İsrailin hücumları zamanı hədəfə alınıb. Yerüstü obyektlər, o cümlədən girişlər və təhlükəsizlik qurğuları zərbə alıb. Fordo zənginləşdirmə obyekti paytaxt Tehrandan təxminən 100 kilometr cənub-qərbdə yerləşir. Bu obyekt Natanz qədər böyük olmasa da, dağ altında yerləşir və hava hücumlarına qarşı müdafiə sistemləri ilə qorunur. Analitiklər yeraltı sentrifuqa zallarının ciddi zərər görmədiyini düşünür.
İsfahan Nüvə Texnologiya Mərkəzi. Tehrandan təxminən 345 kilometr cənub-şərqdə yerləşən bu obyekt minlərlə nüvə alimini işlə təmin edir. Burada üç Çin tədqiqat reaktoru və ölkənin atom proqramı ilə bağlı laboratoriyalar yerləşir. Uran metal istehsalı və yanacaq emalı üçün istifadə olunan obyekt ciddi zərər görüb.
Ərak Ağır Su Reaktoru. Tehrandan 250 kilometr cənub-qərbdə yerləşən Ərak ağır su reaktoru kompleksi İsrail tərəfindən hədəfə alınıb. Soyutma və emal avadanlıqlarına zərər dəydiyi və yanğın baş verdiyi bildirilir. İran rəsmiləri obyektin “struktur zərər” gördüyünü təsdiqləyiblər. Ağır su nüvə reaktorlarını soyutmaq üçün olan bu kompleks yan məhsul olaraq potensial nüvə silahlarında istifadə edilən plutonium istehsal edir. İran 2015-ci il nüvə müqaviləsi çərçivəsində obyektin yenidən dizayn edilməsinə razılaşmışdı.
Tehran Ümumi Silahlı Qüvvələr Qərargahı İslam İnqilabı Mühafizləri Korpusunun (İİKK) mərkəzi komanda qərargahı. Tehranda yerləşən bu yer yüksək səviyyəli rəhbərlik və əməliyyat planlaşdırma mərkəzidir. İsrailin hava hücumları zamanı hədəfə alınıb. Hücum nəticəsində bir neçə yüksək səviyyəli komandir həlak olub.
Pərçin hərbi kompleksi. Tehrandan təxminən 30 kilometr cənub-şərqdə yerləşən kompleks və paytaxtdakı bir neçə digər hərbi baza da hədəfə alınıb.
Kirmanşah raket bazası. Ən mühüm hücumlardan biri İranın qərbində, Kermanşah yaxınlığında yerləşən yeraltı raket anbarına olub. “The New York Times”ın video paylaşımında iyunun 13-də səhər dağ yamacından qalxan qalın tüstü buludları görünür. Bu, saatlarla davam edən ikinci partlayışlarla uyğun gəlir. Tüstü yeraltı raket bazasının yerləşdiyi ərazidən qalxıb.
Subaşı radar obyekti. Həmədanda yerləşir. İranın ən əhəmiyyətli radar mərkəzlərindən biri kimi hava müdafiə sistemləri ilə birlikdə hədəfə alınıb.
Piranşəhr hərbi obyekti. Qərbi Azərbaycan vilayətində, İranın İraqla sərhədinə yaxın yerləşən Piranşəhr qarnizonu Tehranın geniş hərbi infrastrukturunun bir hissəsidir. “Financial Times” tərəfindən paylaşılmış videoda obyektin vurulduğu və sürətli partlayışlar çıxdığı görünür. Digər videolarda isə qarnizon yanır.
Tehran Mehrabad Hava Limanı. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, hücum paytaxt Tehran Mehrabad Hava Limanının döyüş təyyarələri üçün istifadə olunan hanqarları və nəqliyyat vasitələri avadanlıqları binasının arxasındakı ərazini hədəfə alıb.
Təbriz Şəhid Mədəni Hava Limanı. İran Press TV-nin məlumatına görə, İsrail Təbriz hava limanının yaxınlığını hədəfə alıb və partlayış səsləri eşidilib.
İranın hədəfə aldığı yerlər bunlardır:
Kirya kompleksi – İsrail ordusu qərargahı. İran raketləri İsrailin paytaxt Tel-Əvivdə yerləşən əsas hərbi qərargahını vurub. Kompleks İsrail ordusunun mərkəzi komandanlığı və Müdafiə Nazirliyinin yerləşdiyi yer olaraq adətən İsrailin “Pentaqonu” adlandırılır.
Nevatim və Ovda hava bazaları. “Tasnim” xəbər agentliyinin məlumatına görə, İsrailin komanda, nəzarət və elektron müharibə mərkəzinin yerləşdiyi Nevatim və Ovda hava bazaları İranın hücumları zamanı hədəfə alınıb.
Tel Nof hava bazası. İran tərəfindən vurulan digər yerlər arasında Tel-Əviv yaxınlığındakı Tel Nof hava bazası, həmçinin Tel-Əvivdəki sənaye və hərbi mərkəzlər də yer alır.
Ramat Qan, Rişon LeZion və Mərkəzi Tel-Əvivdəki yaşayış binaları. Ramat Qan və mərkəzi Tel-Əvivdə, o cümlədən Rişon LeZiondakı yaşayış binaları ballistik raketlərlə vurulub. Hücumlar nəticəsində 3 mülki şəxs həlak olub və onlarla adam yaralanıb.
Mərkəzi İsrailin Geniş Şəhər Əraziləri. Raket və dron hücumları nəticəsində Qüds, Tel-Əviv və ətraf ərazilərdə hava hücumu siqnalları işə düşüb. Bir çox raketlər müdafiə sistemi tərəfindən zərərsizləşdirilsə də, bəziləri evlərə, nəqliyyat vasitələrinə və infrastruktura zərər verib.