İran rəsmiləri bildiriblər ki, İsrail əsassız təcavüzünü dayandırmadıqca atəşkəs barədə danışıqlar aparmaq mümkün deyil.
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, hazırkı müharibəyə son qoymağın yeganə yolu İsrailin hava hücumlarını qeyd-şərtsiz dayandırmasıdır. İran mediasının yaydığı məlumata görə, M.Pezeşkian “Biz həmişə sülh və sabitliyin tərəfdarı olmuşuq” deyə vurğulayıb.
O, əlavə edib ki, mövcud şəraitdə sülh yalnız sionist rejimin əməliyyatlarını dayandırması ilə mümkündür.
İsrail rəsmiləri Tel-Əvivin yaxın vaxtlarda İranın raket hücumlarının qarşısını almaqda çətinlik çəkə biləcəyi barədə xəbərdarlıq ediblər. Son günlərdə İran daha güclü və mürəkkəb raketlər buraxıb.
İranın xarici işlər naziri Abbas Əraqçi cümə günü bildirib ki, Tehran ABŞ-dan danışıqlarla bağlı çoxsaylı “ciddi” mesajlar alıb, lakin rəsmi Tehran Vaşinqtonla danışıqlar aparmağı düşünmür.
“Biz raket proqramımızla bağlı heç kimlə danışıqlar aparmırıq. Heç bir ağıllı insan öz müdafiə imkanları ilə bağlı danışıqlara razı olmaz”, – deyə Abbas Əraqçi qeyd edib.
O, həmçinin vurğulayıb ki, İsrailin hücumları davam etdiyi təqdirdə heç kimlə danışıqlar aparılmayacaq.
Abbas Əraqçi Avropa ilə danışıqların davam edəcəyini bildirib və Cenevrədə planlaşdırılan beynəlxalq görüşə diqqət çəkib.
İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, Əraqçinin cümə günü Cenevrədə Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Kaya Kallas ilə danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, ötən cümə günü İsrailin İranın hərbi və nüvə obyektləri də daxil olmaqla bir sıra ərazilərinə hava zərbələri endirməsi iki ölkə arasında gərginliyin daha da artmasına səbəb olub.
İsrail rəsmiləri İranın raket hücumları nəticəsində azı 25 nəfərin öldüyünü, yüzlərlə insanın yaralandığını açıqlayıb.
İran mediası isə İsrailin zərbələri nəticəsində ölkədə 639 nəfərin öldüyünü, 1300-dən çox insanın yaralandığını bildirib.