Cenevrədə İran və İsrail arasındakı münaqişə ilə bağlı beynəlxalq toplantı keçiriləcək. Görüş çərçivəsində gərginliyin sülh yolu ilə həlli məsələsi müzakirə olunacaq.
Böyük Britaniya, Fransa və Almaniyanın yüksək səviyyəli diplomatları Tehranın nüvə proqramı və münaqişənin mümkün həll yollarını müzakirə etmək məqsədilə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşməyə hazırlaşırlar. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın da toplantıda iştirak edəcəyi gözlənilir.
Cenevrə görüşü regionda artan narahatlıqlar fonunda keçirilir. Rəsmilərin bildirdiyinə görə, danışıqlar gələn həftə Haaqada keçiriləcək NATO liderlərinin sammiti ərəfəsində diplomatik impuls yaratmağı hədəfləyir. Yaxın Şərqdə təhlükəsizliklə bağlı daha geniş müzakirələrin də gündəmdə olması gözlənilir.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi rəsmi “X” səhifəsində etdiyi paylaşımda belə deyib: “Yaxın Şərqdə vəziyyət hələ də təhlükəli olaraq qalır. İranın heç vaxt nüvə silahına malik olmaması məsələsində qətiyyətliyik”. D.Lemmi bildirib ki, Ağ Evdə ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkof ilə razılaşmanın daha genişmiqyaslı münaqişənin qarşısını necə ala biləcəyi barədə müzakirələr aparıb.
O, həmçinin qeyd edib ki, cümə günü Fransa, Almaniya və Aİ-dəki həmkarları ilə birlikdə İranın xarici işlər naziri ilə görüşmək üçün Cenevrəyə yola düşəcək.
İyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitində ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və alyansa üzv digər ölkələrin liderlərinin bir araya gəlməsi gözlənilir.