TÜRKİYƏ
3 dəqiqə oxuma
Ukrayna taxılı ilə yüklənmiş BMT-nin yardım gəmisi Samsunda qarşılanıb
Livan bayraqlı "Brave Commander" gəmisi Ukraynadan 20 min ton buğda ilə Türkiyənin Samsun vilayətindəki limana çatıb
Ukrayna taxılı ilə yüklənmiş BMT-nin yardım gəmisi Samsunda qarşılanıb
Ukraynadan buğda daşıyan gəmi / AA
9 may 2025 г.

Birləşmiş Millətlər Təşkilatının qlobal aclıqla mübarizə missiyası çərçivəsində Livan bayraqlı "Brave Commander" gəmisi Ukraynadan 20 min ton buğda ilə Türkiyənin Samsun vilayətində limana gəlib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) təşəbbüsü çərçivəsində Suriya da daxil olmaqla böhrandan təsirlənən bölgələrə dəstək vermək üçün Ukraynadan 20 min ton buğda daşıyan humanitar yardım gəmisi Samsunda Toros limanına çatıb.

"Brave Commander" adlı Livan bayraqlı gəmi mayın 8-də WFP-nin Türkiyə Nümayəndəliyi, Türkiyənin Xarici İşlər Nazirliyi, Kənd Təsərrüfatı və Meşə Nazirliyi və Samsun Valiliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə qarşılanıb.

Samsun qubernatorunun müavini Kamal Yıldız gəminin yükünün bütün bəşəriyyət üçün ortaq vicdan və həmrəylik simvolu kimi qiymətləndirib.

Ümumdünya Ərzaq Proqramına ev sahibliyi etməkdən qürur duyduqlarını ifadə edən Yıldız Türkiyənin BMT agentliyinə qida tədarükündə lider olduğunu və proqramın başlanğıcından bəri könüllü töhfələr verdiyini vurğulayıb.

WFP-nin Türkiyə üzrə direktoru Stiven Kahill əməliyyatın əhəmiyyətinə diqqət çəkərək deyib:

"Hazırda dünyadakı aclığa son qoymaq səyimizdə Ümumdünya Ərzaq Proqramının humanitar əməliyyatları üçün mühüm qapı olan Samsun limanındayıq. Bu gün burada “Brave Commander" gəmisini salamlayırıq; bu, beynəlxalq həmrəyliyimizin və sürətli humanitar fəaliyyətimizin simvoludur".

Türkiyənin qlobal qida paylanmasında strateji rolu

Kahill 2022-ci ildə Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü işə salındıqda Ukraynadan ilk humanitar yardımı daşıyan “Brave Commander” gəmisinin WFP üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək deyib:

“Bu, Türkiyə hökumətinin humanitar fəaliyyətə sadiqliyini nümayiş etdirdi, eyni zamanda WFP-nin bütün dünyada qidaya çıxışını təmin etdi ki, bu da bizim əməliyyatlarımız üçün çox vacibdir”.

O, göstərdikləri dəstəyə görə Samsun Valiliyinə, Xarici İşlər Nazirliyinə və donor ölkələrə təşəkkür edib.

Kahill Türkiyənin qlobal qida paylanmasındakı strateji rolunu vurğulayaraq, WFP-nin son 5 ildə Türkiyədən 1,1 milyard dollar dəyərində ərzaq aldığını və bu qidaların hamısının humanitar yardım olaraq dünyaya paylandığını bildirib.

Kahill gəmidən nəql edilən 20 min ton buğdanın 5 min tonunun WFP-nın Suriyadakı humanitar əməliyyatlarına ayrılacağını vurğulayaraq deyib:

"Bu, bir daha göstərir ki, Türkiyə hökuməti ilə əlaqələrimiz bir çox sahəni əhatə edir. Burada suriyalı qaçqınlar üçün gördüyümüz işlər var və bununla yanaşı dünyada da qaqçınlar üçün bir sıra fəaliyyətlər göstəririk".

Qlobal aclıqla mübarizə səyləri

"Təəssüf ki, bu gün ətrafımızda baş verənlərə baxdıqda çox parçalanmış bir dünyada yaşayırıq; Qəzzada, Sudanda, Yəməndə baş verənləri görürük. Bu, bir daha göstərir ki, WFP-nın missiyası təkcə Türkiyədə deyil, bütün dünyaya yayılıb. Bu həm də həmrəylik, bütün tərəflərin bir araya gəlməsi və Türkiyənin bölgənin parçalandığı bir vaxtda bu bölgədə sülh vasitəçisi ola biləcək liderlik rolunu üzərinə götürməsi çağırışıdır", -deyə Kahill qeyd edib.

Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi İşlər Baş direktoru səfir Aylin Səkizkök də dünyada artan ərzaq böhranına diqqət çəkərək, 840 milyondan çox insanın aclıqla qarşı-qarşıya olduğunu bildirib.

Aylin Səkizkök “Bu 840 milyon sadəcə rəqəm deyil, biz real aclıqdan danışırıq” deyib.

Səfir Türkiyənin qlobal aclıqla mübarizədəki səylərini, kənd təsərrüfatı imkanlarından istifadə edərək bütün dünyaya yardım çatdırmaq və davamlı inkişaf təcrübəsini paylaşmaq əzmini də vurğulayıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us