ABŞ aprel ayında Hindistanın nəzarətində olan Kəşmirdə həyata keçirilən və son onillərin ən şiddətli Hindistan-Pakistan münaqişəsinə səbəb olan hücuma görə məsul olan gizli qrupu “terrorçu” qrup kimi elan edib.
Dövlət katibi Marko Rubio Müqavimət Cəbhəsini (TRF) BMT-nin “terrorçu” qruplaşması elan etdiyi “Lashkar-e-Taiba”nın (LeT) “sələfi və vəkil”i kimi təsvir edib.
Rubio açıqlamasında bildirib ki, bu “terrorçu” elanı “Tramp administrasiyasının milli təhlükəsizlik maraqlarını qorumaq, terrorla mübarizə aparmaq və Pahalqam hücumuna görə ədalət çağırışlarını həyata keçirmək öhdəliyini nümayiş etdirir”.
Pahalqamda aprel ayında həyata keçirilən hücumda, demək olar ki, hamısı hindu olmaqla 26 nəfər silahlılar tərəfindən öldürülüb.
Güclü təsdiq
Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar sosial şəbəkədə paylaşım edərək, Vaşinqtonun qərarını “Hindistan-ABŞ terrorla mübarizə əməkdaşlığının güclü təsdiqi” kimi qiymətləndirib.
Əvvəlcə Pahalgam hücumuna görə məsuliyyəti öz üzərinə götürən TRF haqqında əvvəllər çox az məlumat var idi.
Lakin ictimai qınaq artdıqca qrup hücuma görə məsuliyyəti geri götürüb.
Pahalqamdakı zorakılıq dörd gündür davam edən toqquşmalara səbəb olub və bu, 1999-cu ildən bəri iki ölkə arasında ən ağır münaqişəyə çevrilib, hər iki tərəfdən 70-dən çox adam ölüb.
Toqquşmalar zamanı Pakistan Hindistanın bir neçə təyyarəsini, o cümlədən "Rafale" tip qırıcılarını vurub.
Kəşmir məsələsi
Hindistanın nəzarətində olan Kəşmir bölgəsindəki üsyançılar 1989-cu ildən Yeni Dehli hökumətinə qarşı vuruşurlar. Bir çox müsəlman kəşmirli ya bölgənin Pakistan hakimiyyətinə inteqrasiyası, ya da müstəqil dövlət kimi birləşmək məqsədini dəstəkləyir.
Hindistan Kəşmir qiyamını "Pakistanın dəstəklədiyi terror" kimi təsvir edir. Pakistan və bir çox kəşmirlilər bu ittihamı rədd etməklə yanaşı, mübarizəni qanuni azadlıq mübarizəsi kimi qiymətləndirirlər. Münaqişədə on minlərlə dinc sakin, üsyançılar və dövlət qüvvələri həyatını itirib.
Pakistan isə bəyan edir ki, ölkə Kəşmir xalqının BMT-nin nəzarəti altında referendum keçirilməsi tələbini “yalnız siyasi, mənəvi və diplomatik cəhətdən dəstəkləyir”.