DÜNYA
2 dəqiqə oxuma
Almaniyada müsəlmanlara qarşı hücumlar rekord həddə çatıb
Hücumlar və məscidlərə edilən basqınlar daxil olmaqla 3.000-dən çox hadisə qeydə alınıb
Almaniyada müsəlmanlara qarşı hücumlar rekord həddə çatıb
/ AP
17 iyun 2025 г.

2024-cü ildə Almaniyada müsəlmanlara qarşı hücumlar və ayrı-seçkilik halları təhlükəli səviyyəyə yüksəlib. İnsan hüquqları təşkilatı “CLAIM”in yaydığı illik hesabatda qeyd olunub ki, il ərzində müsəlmanlara qarşı 3080 insident qeydə alınıb. Bu göstərici 2023-cü ildəki 1926 hadisə ilə müqayisədə 60 faiz artım deməkdir. Hesabata əsasən, gündə orta hesabla səkkizdən çox belə hadisə baş verib.

“CLAIM”in hesabatında hücumların intensivliyinin də artdığı vurğulanıb. Qeydə alınan hadisələr arasında iki qətl, 198 fiziki hücum (onlardan üçü qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib), 122 mülkiyyətə ziyan vurulması, dörd yanğın törətmə və qarət kimi 259 digər cinayət faktı yer alıb.

Təşkilatın ekspertləri bildiriblər ki, müsəlmanlara qarşı irqçilik artıq marginal bir hadisə deyil. Bu hallar küçələrdən sinif otaqlarına, gözləmə salonlarından bələdiyyə idarələrinə qədər geniş şəkildə yayılıb. Bu kimi hallar dövlət qurumlarında da öz təsirini göstərir və vəziyyət getdikcə daha aqressiv xarakter alır.

Hesabatda qadınların qeyri-proporsional şəkildə hədəf alındığı vurğulanıb. Fərdi qurbanların 71 faizini qadınlar təşkil edir. Xüsusilə müsəlman kimliyi vizual olaraq asanlıqla tanınan qadınların tez-tez irqi zorakılığa məruz qaldığı qeyd olunub. Uşaqlar da həm fiziki, həm də sözlü hücumlara məruz qalıb.

Sənəddə qeyd olunur ki, qeydiyyata alınan hadisələrə sözlü təhqirlər, fiziki zorakılıq, ayrı-seçkilik və dini məkanlara qarşı hücumlar daxildir. 70-dən çox məscidə hücum edildiyi bildirilir. Müsəlmanlara məxsus bazar və restoranlar da hücum və təhdidlərin hədəfi olub.

Hesabatda qeyd edilir ki, müsəlmanlara qarşı irqçiliyin artması Yaxın Şərqdə gərginliyin artdığı dövrlə üst-üstə düşür. Almaniyada baş verən terror aktlarından sonra da oxşar artımın müşahidə olunduğu qeyd edilib. Müsəlmanların ictimaiyyətə təhlükə mənbəyi kimi təqdim olunması isə cəmiyyətdə şübhə və ayrı-seçkiliyin yayılmasına şərait yaradıb.

Sənəddə həmçinin, media və siyasi diskursun çox vaxt təhlükəsizlik narahatlıqları üzərində qurulduğu, İslamın bir təhdid, müsəlmanların isə təhlükə mənbəyi kimi səhv şəkildə təqdim edildiyi vurğulanır. Bu yanaşmanın Almaniyada yaşayan müsəlmanların təhlükəsizliyinə birbaşa mənfi təsir göstərdiyi qeyd olunub.

“CLAIM”in hesabatında bildirilir ki, real rəqəmlərin daha yüksək olduğu ehtimal edilir. Ekspertlərə görə, bir çox hadisələrin bildirilməməsi, qeyri-kafi hesabat mexanizmləri, zərərçəkmişlərin rəsmi qurumlara inamsızlığı və müsəlmanlara qarşı irqçiliyin müəyyənləşdirilməsindəki təcrübə çatışmazlığı statistik göstəricilərə təsir edən əsas amillərdir.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us