“Anadolu” agentliyinin müxbirinin verdiyi məlumata görə, İsrail İranın paytaxtı Tehranda yerləşən İmam Hüseyn Universitetinə hücum edib.
Qeyd olunan universitet İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) tabe olan bir qurum kimi tanınır.
Çərşənbə günü baş verən hücumdan sonra ərazidən qalxan tüstü müşahidə olunub.
Cümə günü İsrailin İranın müxtəlif bölgələrinə, o cümlədən hərbi və nüvə obyektlərinə endirdiyi hava zərbələri bölgədə gərginliyi daha da artırıb. Tehran hücumlara adekvat cavab verib.
İsrail hakimiyyəti bildirib ki, İranın raket hücumları nəticəsində azı 24 nəfər həlak olub, yüzlərlə insan isə yaralanıb.
İran isə İsrailin hava hücumları nəticəsində ən azı 224 nəfərin öldüyünü, 1000-dən çox insanın yaralandığını açıqlayıb.
Bir insan hüquqları təşkilatının çərşənbə günü yaydığı bəyanatda qeyd edilib ki, İsrailin İranda həyata keçirdiyi hücumlar nəticəsində azı 585 nəfər ölüb, 1326 nəfər isə yaralanıb.
Vaşinqtonda yerləşən İnsan Hüquqları üzrə Fəallar qrupu isə ölənlərin 239-nun mülki şəxs, 126-nın isə təhlükəsizlik əməkdaşı olduğunu açıqlayıb.