Ədliyyə naziri Yılmaz Tunç Prezident Aparatının Dolmabahçadakı ofisində beynəlxalq media orqanlarının nümayəndələrinə açıqlama verərək İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər şəxslərə qarşı aparılan son məhkəmə proseslərinin siyasi motivlərlə həyata keçirildiyi barədə iddiaları rədd edib. Y.Tunç Türkiyə məhkəmə sisteminin müstəqil olduğunu vurğulayıb və beynəlxalq ictimaiyyəti hüquqi prosesə hörmətlə yanaşmağa çağırıb.
Nazir Tunç davam edən istintaqı siyasiləşdirmək cəhdlərini tənqid edərək Türkiyə məhkəmə sisteminin müstəqil fəaliyyət göstərdiyini vurğulayıb. "İstintaq çərçivəsində həbs-qətimkan tədbirinin başlandığı andan bəzi dairələr istintaqın məzmununu bilmədən və materialların təfərrüatlarından xəbərsiz olaraq istintaq orqanına təzyiq göstərməyə, məhkəmə istintaqını siyasi motivlərlə aparılan istintaq kimi qələmə verməyə cəhd ediblər. İstintaqı prezidentimizlə əlaqələndirməyə çalışıblar. Biz bu məsuliyyətsiz bəyanatları rədd edirik", - deyə Tunç bildirib. "Konstitusiyamızın ikinci maddəsinə görə Türkiyə Respublikası demokratik hüquqi dövlətdir".
Tunç İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan ümumilikdə 106 şübhəlinin iştirak etdiyi iki ayrı istintaqla bağlı yenilikləri də paylaşdı. Birinci dosyedə terror təşkilatına yardım etməkdə ittiham olunan 7 nəfərdən 3-ü saxlanılıb, biri isə şərti olaraq sərbəst buraxılıb. İkinci dosye rüşvətxorluq, korrupsiya, dələduzluq və qeyri-qanuni məlumat toplama ittihamları ilə əlaqələndirilir. 106 şübhəlidən 51-i həbs edilib, 41-i məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb, 14 şübhəli isə axtarışdadır.
Nazir Tunç istintaqın maliyyə cinayətləri hesabatlarına və müfəttişlərin tapıntılarına əsaslandığını bildirib və siyasi müdaxilə iddialarını qəti şəkildə rədd edərək "İstintaq mərhələsində ittihamlar, müdafiə və sübutlar qiymətləndiriləcək və maddi həqiqət bütün sübutları ilə üzə çıxarılacaq", - deyə əlavə edib.
Tunç beynəlxalq aktyorların qərəzli və ikili standart yanaşmalarını da tənqid edib. "Təəssüflər olsun ki beynəlxalq ictimaiyyətin verdiyi bəzi bəyanatlarla bu əsas prinsipə məhəl qoyulduğunu görürük. Türkiyəyə qarşı bu cür qərəzli və ikili standartlı münasibəti qətiyyən qəbul etmirik", - deyə Yılmaz Tunç bildirib. O bir çox ölkədə siyasi xadimlərin də məhkəmə yoxlamasına məruz qaldığını qeyd edib.
Türkiyənin hüquqi proseslərinə səbir və hörmətlə yanaşmaq lazım olduğunu vurğulayan Tunç Avropa ölkələrini balanslı mövqe nümayiş etdirməyə çağırıb. "Xüsusilə avropalı dostlarımızdan ölkəmizin daxili qanunvericiliyinə sağlam düşüncə ilə yanaşmalarını və davam edən istintaqın nəticəsini məsuliyyətli şəkildə gözləmələrini diləyirik", - deyə Tunç vurğulayıb.