Yəməndəki husilər ABŞ-ın Yəmənə hava zərbələri endirməsindən sonra 24 saat ərzində ikinci dəfə Qırmızı dənizin şimalında ABŞ-a məxsus təyyarədaşıyan gəmini raket və dronlarla hədəf alıblar.
Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri hücumun çox sayda ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini bildirib. O, həmçinin düşmənə məxsus döyüş təyyarələrinin hücumunu dəf edərək, onları geri çəkilməyə məcbur etdiklərini qeyd edib.
Seri Yəməndəki hər hansı bir gərginliyin əks-eskalasiya ilə qarşılanacağı barədə də xəbərdarlıq edib. Husilərin nəzarətindəki Əl-Məsirə telekanalı ABŞ-ın Yəmənin qərbindəki Hudeydə və şimaldakı Əl-Cəvf bölgələrinə 6 hava hücumu təşkil etdiyini bildirib. Ölənlər barədə hələlik məlumat yoxdur.
Amerika tərəfi husilərin bəyanatına hələlik münasibət bildirməyib. Husilərin nəzarətindəki Səhiyyə Nazirliyinin məlumatına görə, şənbə günü ABŞ-Böyük Britaniya hava hücumları nəticəsində azı 53 nəfər ölüb, 98 nəfər yaralanıb.
Hücumlar ABŞ prezidenti Donald Trampın İranın dəstəklədiyi qruplaşmanın Qırmızı dənizdə gəmilərə hücumları davam etdirəcəyi təqdirdə “cəhənnəm yaşanacağını'' bildirməsindən sonra baş verib. Martın 7-də husilər İsrailə humanitar yardımın Qəzza zolağına çatması üçün dörd gün vaxt verib və əks halda İsraillə əlaqəsi olan gəmilərə qarşı dəniz əməliyyatlarını bərpa edəcəkləri barədə xəbərdarlıq ediblər.