İsrail mühasirədə olan Qəzza zolağının cənubunda, Xan Yunisdə Nasser xəstəxanası yaxınlığındakı ərazini hədəfə alması itkilərə səbəb olub. Tel-Əvivin xəstəxana yaxınlığındakı jurnalist çadırını hədəf alması nəticəsində isə bir fələstinli jurnalist yanaraq ölüb.
Bazar günü internetdə yayılan narahatedici görüntülərdə jurnalistin alovlara büründüyü, fələstinlilər ilə xilasedicilərin isə alovun söndürülməsinə çalışdıqları yer alıb.
Fələstinli jurnalist Vael Abo Ömər X platformasında bildirib ki, "İsrail raketləri həmkarımız Əhməd Mənsuru yandırıb və o, hazırda reanimasiyadadır. O, jurnalistlərin Nasser xəstəxanasının düşərgəsində qaldığı çadırın hədəfə alınması nəticəsində ciddi xəsarət alıb".
İsrail havadan hücumu nəticəsində daha iki jurnalistin öldüyü, digərlərinin isə yaralandığı bildirilir.
Jurnalistlərə qarşı müharibə
Bu hücum mühasirəyə alınmış ərazidə İsrail soyqırımını işıqlandıran jurnalistlərə edilmiş silsilə hücumların sonuncusu idi.
Martın sonunda İsrail tərəfindən Əl-Cəzirə telekanalının müxbiri Hossam Şabat və “Palestine Today”-in müxbiri Məhəmməd Mansuru öldürülüb.
Qəzzada soyqırımın başlanmasından bəri İsrail xarici jurnalistlərin bölgəyə girişinə maniə olur və qətliam haqqında məlumat yayan fələstinli jurnalistləri hədəfə almaqda davam edir.
Keçən il Şabbat deyib ki, problem təkcə xarici jurnalistlərin məlumat ala bilməməsi deyil, həyatlarını riskə ataraq soyqırımı işıqlandıran Fələstinli jurnalistlərə lazımı qədər hörmət görməməsidir.
Son hadisələrdə İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 210-u ötüb.
Martın sonunda jurnalistlərin öldürülməsinin müharibə cinayəti sayıla biləcəyi sualına ABŞ birbaşa cavab verməkdən yayınıb və Vaşinqtonun həmişə İsrailin yanında olacağını deyib.