Fransa məhkəməsi bazar ertəsi Marine Le Peni korrupsiya işində təqsirli bilib, lakin onun cəzasının nə olacağını və bu məsələnin onun siyasi gələcəyinə necə təsir edəcəyini açıqlamayıb.
Məlumata görə, Le Pen məhkəmənin qərarına heç bir reaksiya verməyib.
Hakim həmçinin, əvvəllər Avropa Parlamentinin deputatı olmuş səkkiz hazırkı və keçmiş partiya üzvünü də təqsirli bilib.
Le Pen və digər müttəhimlər 10 ilə qədər həbs cəzası ilə üzləşə bilər. Qərar apellyasiyaya şikayət edilə bilər.
Le Pen və Milli Birlik partiyasının 24 üzvü 2004-2016-cı illər arasında Avropa Parlamentinin müşavirlərinə ayrılmış vəsaiti partiyanın xeyrinə istifadə etməkdə ittiham olunurdu. Bu isə Aİ-nin 27 üzv ölkəsinin qaydalarına ziddir.
Le Pen və digər müttəhimlər ittihamları rədd ediblər.
56 yaşlı Le Pen 2017 və 2022-ci illərdə keçirilən seçkilərdə Prezident Emmanuel Makrondan sonra ikinci yeri tutub.
Le Pen doqquz həftəlik məhkəmə prosesi ərzində siyasi qadağanın onu namizədlikdən məhrum edəcəyini vurğulayıb.
"O zaman mənim təmsil etdiyim hərəkata 11 milyon insan səs verdi. Deməli, sabah milyonlarla fransız öz namizədinin seçkidə iştirak etməyəcəyini görə bilər" – deyə o, hakimlərə müraciətində bildirib.
Le Pen Avropa Parlamentinin vəsaitlərini partiyasının xeyrinə istifadə etmək üçün sistem qurduğu ilə bağlı iddiaları rədd edib.
Prokurorlar Le Penin azı 5 il müddətinə dövlət vəzifəsindən xaric edilməsini tələb ediblər.
Le Pen isə məhkəmənin yeganə məqsədinin onu prezidentlik yarışından kənarlaşdırmaq olduğunu bəyan edib.