Cənubi Koreyanın Konstitusiya Məhkəməsi hərbi vəziyyət elan etdiyinə görə vəzifəsindən uzaqlaşdırılan prezident Yun Sok Yolun impiçmenti ilə bağlı qərarını cümə günü açıqlayacaq.
Yun dekabrın 3-də parlamentə silahlı əsgərlər göndərərək mülki hakimiyyəti devirmək cəhdi ilə Cənubi Koreyanı siyasi xaosa sürüklədi. Millət vəkilləri orduya qarşı çıxaraq bu tədbiri rədd etdilər və qısa müddət sonra Yunu vəzifəsindən uzaqlaşdırdılar. Lakin aylarla davam edən siyasi qeyri-sabitlik Cənubi Koreyanın iqtisadiyyatına zərbə vurdu.
Məhkəmənin Yunun vəzifədən uzaqlaşdırılıb-uzaqlaşdırılmamasına qərar vermək üçün həftələrlə apardığı məhkəmə prosesi spekulyasiyaların artmasına səbəb oldu. Bəziləri isə hakimlər arasında ziddiyyətlər olduğunu irəli sürdü.
Konstitusiya Məhkəməsinin çərşənbə axşamı yaydığı bəyanatda deyilir: "Prezidentin impiçmenti ilə bağlı məhkəmə prosesi 2025-ci il aprelin 4-də Konstitusiya Məhkəməsində keçiriləcək".
Yunun vəzifədən uzaqlaşdırılması üçün məhkəmənin səkkiz üzvündən azı altısı lehinə səs verməlidir. Yüz minlərlə Cənubi Koreyalı hər həftə sonu Seulun mərkəzində Yunun lehinə və əleyhinə nümayişlər keçirir.
Qeyd edək ki, keçmiş prokuror olan Yun yanvarda qiyam ittihamı ilə saxlanılıb, lakin prosessual əsaslarla martın əvvəlində sərbəst buraxılıb. O, bu müddət ərzində mövqeyini davam etdirərək müxalifəti günahlandırıb.
Demokrat Partiyasının sözçüsü deyib: "Nəhayət ki, Konstitusiya Məhkəməsi dörd aydan sonra xalqa cavab verdi. Məhkəmənin Yun Sok Yolu vəzifəsindən kənarlaşdıracağına və Koreya Respublikasının konstitusiya quruluşunu və prinsiplərini müdafiə mövzusundakı qəti qərarını nümayiş etdirəcəyinə inanırıq".
Xalqın Gücü Partiyası isə məhkəmənin qərarını məmnuniyyətlə qarşıladığını bildirərək, qərarın ədalətli və tərəfsiz olacağına ümid etdiklərini ifadə etdi.