Donald Tramp administrasiyası 14 ölkədə milyonlarla insanın sağ qalmasına kömək edən Ümumdünya Ərzaq Proqramı çərçivəsində BMT-nin fövqəladə proqramları üçün maliyyə vəsaitini kəsib.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) “X” sosial media platformasında ABŞ-ı yeni maliyyə kəsimlərini ləğv etməyə çağırıb. Müqavilənin qəfil ləğvi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən həyata keçirilən son humanitar proqramların bəzilərinə təsir edib. WFP vurğulayıb ki, bu, milyonlarla insan üçün ölüm hökmü deməkdir. Təşkilat ABŞ administrasiyasının 14 ölkədə təcili ərzaq yardımının maliyyələşdirilməsinin dayandırdığını göstərən son hadisələrdən dərin narahatlıq hissini ifadə edib.
Dövlət katibi Marko Rubio və digər administrasiya rəsmiləri daha əvvəl vəd etmişdilər ki, təcili ərzaq yardımı proqramları və digər həyati əhəmiyyətli layihələr kütləvi yardımın kəsilməsindən təsirlənməyəcək. Amma onlar ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) yüksəkvəzifəli əməkdaşı Ceremi Levinin göstərişi ilə hökumətin maraqlarına uyğun olaraq ləğv edilib.
Yoxsulluq, aclıq və qeyri-sabitliklə mübarizə aparan Suriyada son günlərdə təqribən 230 milyon dollarlıq yardım müqavilələri ləğv edilib. Sənəddə deyilir ki, Suriyadakı proqramların ən böyüyü, 111 milyon dollarla 1,5 milyon insanı çörək və digər gündəlik ərzaqla təmin edib. Son bir həftə ərzində 60-a yaxın xitam məktubu göndərilib. BMT-nin Yaxın Şərq üzrə nümayəndəsi ABŞ-ın Yəmən, Livan və İordaniyada da yardımları dayandırdığını bildirib. Somali, Əfqanıstan və Zimbabvedəki əsas humanitar fəaliyyətlər, o cümlədən müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan insanlara qida, su, tibbi yardım və müvəqqəti sığınacaq təmin edən proqramlar da bundan təsirlənib. Əfqanıstana humanitar yardımda təxminən 560 milyon dollar kəsilib.