Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Afrika üzrə məsləhətləşmələrin ikinci raundu bazar ertəsi günü (bu gün) Əbu-Dabidə keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məsləhətləşmələrə Türkiyəni təmsil edən xarici işlər nazirinin müavini Burhanəddin Duran və BƏƏ tərəfdən xarici işlər üzrə dövlət naziri Şahbut bin Nəhyan Əl Nəhyan həmsədrlik edəcək.
Görüşlər zamanı Afrikadakı son inkişaflar müzakirə olunacaq və qitə ilə əlaqəli mümkün əməkdaşlıq sahələri, xüsusən iqtisadiyyat və investisiyalar qiymətləndiriləcək.
Afrika üzrə müntəzəm məsləhətləşmələrin keçirilməsi qərarı 2022-ci ilin fevralında, prezident Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə səfəri zamanı iki ölkənin xarici işlər nazirləri arasında baş tutan görüşdə qəbul edilib. Bu qərara əsasən, Türkiyə ilə BƏƏ arasında ilk Afrika məsləhətləşmə toplantısı 2023-cü ilin 10 oktyabrında Ankarada keçirilib.