Rəsmi Taypey Çini Tayvana qarşı dezinformasiya yaymaq üçün süni intellektdən istifadə etməkdə ittiham edib. Milli Təhlükəsizlik Bürosunun parlamentə təqdim etdiyi hesabata görə, Pekin bu yolla ada xalqını parçalamağı hədəfləyir. Əlavə olaraq, Pekinin son illərdə Tayvana qarşı hərbi təlimlərini, ticarət sanksiyalarını və təsir çabalarını artırdığı vurğulanıb.
Qeyd edək ki, aprelin əvvəlində Çinin Tayvan sahillərində keçirdiyi iki günlük döyüş təlimləri ABŞ başda olmaqla bir çox ölkədə narahatlıq yaratmışdı.
Süni intellektlə “idrak müharibəsi”
Hesabata görə, bu ilin əvvəlindən sosial media platformalarında, xüsusən də “Facebook” və “TikTok”-da 500 mindən çox mübahisəli mesaj aşkarlanıb. Bu mesajların Çinin Tayvanda ictimai rəyə təsir etmək üçün idrak müharibəsi apardığına işarət etdiyi qeyd edilib.
Çin hökümətinin xüsusilə Tayvan prezidenti Lai Çinq-tenin mart ayında Çinlə bağlı çıxışı və Tayvan çip nəhəngi TSMC-nin ABŞ-a sərmayə qoyduğunu elan etməsi kimi ölkə üçün həssas məqamlarda bu mesajları intensivləşdirdiyi hesabatda qeyd edilib. Bu təşəbbüslərin cəmiyyətdə qütbləşmə yaratmaq məqsədi daşıdığı vurğulanıb.
Məsələ ilə bağlı Çinin Tayvan İşləri İdarəsi şərh verməkdən imtina edib.
“Boz Zona” taktikası güclənir
Hesabatda həmçinin qeyd olunub ki, Çin Tayvana qarşı boz zona taktikasını əhəmiyyətli dərəcədə artırıb. Bu il Tayvan sularında Çin sahil mühafizə gəmilərinin, hava məkanında isə Çin balonlarının görünməsində kəskin artış olduğu bildirilib.
Tayvan bu pozuntulara cavab vermək məcburiyyətində qalıb və bu, ölkənin resurslarını əhəmiyyətli dərəcədə azaldıb.
Prezident Lai mart ayında Çini xarici düşmən güc olaraq xarakterizə edərək "təkcə Tayvan xalqı Tayvanın gələcəyini təyin edə bilər" - deyib.
Pekin hökuməti isə Tayvanı öz ərazisinin bir hissəsi kimi görür və lazım gələrsə, adanı güc yolu ilə nəzarət altına alacağını ifadə edir.