Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 2017-ci ildən Türkiyəyə sığınan ümumilikdə 885 min 642 suriyalının ölkələrinə qayıtdığını açıqlayıb.
Cevdet Yılmaz martın 17-də "X" platformasında etdiyi paylaşımda "İlk mərhələdə sərhəddən kənarda həyata keçirdiyimiz əməliyyatları ilə yaratdığımız təhlükəsiz zonalara qayıdışlar sürətləndi" deyib.
Miqrasiya İdarəsinin məlumatına görə, 2024-cü il dekabrın 9-dan bəri müxalif qüvvələrin qəfil hücumu nəticəsində Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra 145 min 639 suriyalı könüllü olaraq ölkələrinə qayıdıb.
Cevdet Yılmaz "Yenidənqurma prosesində olan Suriyada təhlükəsizlik şərtləri, əsas xidmətlər və iqtisadi mühit yaxşılaşdıqca bu rəqəmlərin daha sürətlə artması gözlənilir" deyib.
Qeyd edək ki, daha əvvəl xarici işlər naziri Hakan Fidan Suriyada gündəlik həyata dönüşün son dərəcə vacib olduğunu vurğulayıb.
Hakan Fidan “Normal həyata qayıtmadan həm Türkiyədə, həm də qonşu ölkələrdəki qaçqınların geri qayıtması qeyri-mümkündür. Bu proses bir müddət çəkəcək” deyib.
Dekabrın 8-də rejim əleyhdarı qrupların Dəməşqə nəzarət etməsi ilə 1963-cü ildən hakimiyyətdə olan Baas Partiyasının rejiminə son qoyulduqdan sonra 25 ilə yaxın Suriyanın lideri olan Bəşər Əsəd Rusiyaya qaçıb.
Əsədi devirmək üçün hökumət əleyhinə qüvvələrə liderlik edən Əhməd Şara 29 yanvarda müvəqqəti dövlət başçısı seçilib.