Ukraynanın müdafiə naziri Rüstəm Umerov bazar günü Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə keçirilən danışıqların konstruktiv keçdiyini və xüsusilə enerji sektoruna diqqət yetirildiyini bildirib. Məsələ ilə bağlı rəsmi internet səhifəsində paylaşım edən Rüstəm Umerov deyib: "Xüsusilə enerji sektoru ilə bağlı əsas məsələləri müzakirə etdik".
Rüstəm Umerov ABŞ prezidenti Donald Trampın Rusiya ilə üç ildir davam edən müharibəyə son qoymaq məqsədilə diplomatik cəhdləri çərçivəsində keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edib.
ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkov Səudiyyə Ərəbistanında aparılan danışıqlardan əvvəl müsbət açıqlamalar verərək, Rusiya prezidenti Vladimir Putinin üç illik müharibəyə son qoymaq istədiyinə inandığını bildirib. "Düşünürəm ki, o, sülhün təmin olunmasını istəyir", – deyə Stiv Vitkov vurğulayıb.
Səudiyyə Ərəbistanında Ukrayna rəsmiləri ilə aparılan danışıqlarda Ukrayna və Rusiya arasında qismən atəşkəsin mümkünlüyü müzakirə olunub. ABŞ və Rusiya rəsmilərinin də Ər-Riyadda ayrıca görüşlər keçirəcəyi bildirilib.
"Düşünürəm ki, bazar ertəsi günü Səudiyyə Ərəbistanında atəşkəslə bağlı real irəliləyiş əldə olunacaq", – deyə Stiv Vitkov qeyd edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin keçən həftə Ukraynanın enerji obyektlərinə hücumları müvəqqəti dayandırmağa razılaşdı, lakin Trampın daimi sülh razılaşması istiqamətində ilk addım kimi nəzərdə tutduğu 30 günlük atəşkəs rejimini dəstəkləməkdən imtina etdi. Qeyd edək ki, Ukrayna Trampın 30 günlük atəşkəs təklifini qəbul edib.