DÜNYA
2 dəqiqə oxuma
Dünya Bankı Suriyanın enerji infrastrukturunun bərpasına 146 milyon dollar vəsait ayıracaq
Bu barədə Dünya Bankının iyunun 26-da yaydığı rəsmi bəyanatda bildirilib
Dünya Bankı Suriyanın enerji infrastrukturunun bərpasına 146 milyon dollar vəsait ayıracaq
/ Reuters
4 saat əvvəl

Dünya Bankı Suriyanın enerji infrastrukturu üçün 146 milyon dollar vəsait ayırmağı təsdiqləyib. Bu barədə Dünya Bankının iyunun 26-da yaydığı rəsmi bəyanatda məlumat verilib.

Beləliklə, Dünya Bankı 14 illik münaqişə nəticəsində ciddi şəkildə zərər görmüş elektrik infrastrukturunun bərpasını maliyyələşdirəcək.

Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir bu qərarı alqışlayaraq bildirib ki, ayrılan vəsait Suriyanın elektrik şəbəkəsini Türkiyə və İordaniya ilə birləşdirəcək “strateji layihələrə” dəstək verəcək.

"Bu, Suriyanın enerji təhlükəsizliyi və iqtisadi dirçəlişi üçün mühüm mərhələdir", – deyə Məhəmməd əl-Bəşir vurğulayıb.

Türkiyənin artan rolu

Bu açıqlama Türkiyənin Suriyanın müharibədən sonrakı bərpasına göstərdiyi dəstək fonunda verilib.

May ayında Türkiyənin energetika naziri Alparslan Bayraktar rəsmi Ankaranın Suriyaya illik iki milyard kubmetr təbii qaz tədarük edəcəyini açıqlamışdı. Bu saziş çərçivəsində 1300 meqavata qədər elektrik enerjisi istehsal olunacağı və bunun Suriyadakı xroniki elektrik çatışmazlığını aradan qaldıracağı gözlənilir.

A.Bayraktar Dəməşqə səfəri zamanı Türkiyənin təcili ehtiyacları ödəmək məqsədilə Suriyaya əlavə olaraq 1000 meqavat elektrik enerjisi verəcəyini də bəyan edib. Bu razılaşmalar rəsmi Ankaranın Suriyanın sabitliyi və bərpası istiqamətində uzunmüddətli strateji öhdəliyinin göstəricisi kimi qiymətləndirilir.

Bir neçə gün sonra Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Suriya iqtisadiyyatının yenidən qurulması ilə bağlı yüksək səviyyəli danışıqlar aparmaq üçün Suriya prezidenti Əhməd Şəraanı Ankarada qəbul edib. Tərəflər görüş zamanı investisiyaların cəlb edilməsi, dövlət xidmətlərinin bərpası və beynəlxalq sanksiyalardan sonrakı dövr üçün genişmiqyaslı yenidənqurma prosesinə dair islahatları əhatə edən yol xəritəsi üzərində müzakirələr aparıb.

Beynəlxalq və regional əlaqələr inkişaf etsə də, Suriyanın bərpası hələ də mürəkkəb və həssas bir məsələ olaraq qalır.

Ölkənin enerji infrastrukturunun böyük bir hissəsi dağıdılıb və ya istifadəyə yararsız vəziyyətə düşüb. Beynəlxalq donorlar siyasi qeyri-müəyyənlik və həll olunmamış humanitar problemlər səbəbindən yenidənqurma üçün vəsait ayırmaqda tərəddüd edirlər.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us