“CNN Arabic”in məlumatına görə, ABŞ prezidenti Donald Tramp gələn ay Yaxın Şərq turnesinə Türkiyəni də əlavə etməyi planlaşdırır.
Cümə axşamı “CNN”ə danışan Ağ Evin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Trampın mümkün səfəri Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərlərindən sonra baş tutacaq.
Mənbələr hələlik yekun qərarın verilmədiyini və təfərrüatların dəqiqləşdirildiyini bildiriblər.
Türkiyə ilə xoş münasibətlər
Ağ Evin yüksək səviyyəli rəsmisi “CNN”ə bildirib ki, Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla son telefon danışığında mümkün səfəri müzakirə edib.
Mənbələrin məlumatına görə, ABŞ prezidenti bu dəfə ki səfər zamanı İsrailə getməyi planlaşdırmır.
Tramp daha əvvəl Ərdoğanla münasibətləri haqqında müsbət fikirlər səsləndirmişdi. Tramp bu həftənin əvvəlində Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə birlikdə jurnalistlərə açıqlamasında “Türkiyə və ölkə lideri ilə çox yaxşı münasibətim var” deyib.
Tramp Türkiyənin Suriyada Bəşər Əsəd hakimiyyətinin sonunu gətirdiyinə dair açıqlamalarına toxunaraq, Ərdoğanı “sərt və çox ağıllı, heç kimin edə bilmədiyi edə bilən bir insan” adlandırıb.
Qeyd edək ki, səfər baş tutsa bu, Trampın prezident kimi Türkiyəyə ilk gəlişi olacaq.
Trampdan əvvəlki prezidentlər Corc Buş 2004-cü ildə, Barak Obama isə 2009 və 2015-ci illərdə Türkiyəyə səfər etmişdi.