Onun vəkili Vannaphat Cenroumjit müvəkkilinin ittihamı rədd etdiyini ifadə edərək deyib: "Bütün təfərrüatları araşdırmalıyıq, lakin müttəhim bu cinayəti törətmədiyini deyib və qanunun onu qoruyacağına inanırıq."
Tayland Kralı Maha Vajiralonqkorn və onun ailəsi ölkənin sərt qanunları ilə tənqidlərdən qorunur. Bu qanuna əsasən, hər bir ittiham 15 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.
Tayland ordusu ilin əvvəlində Çemberslə əlaqəli olduğu iddia edilən bir yazı ilə bağlı şikayət edib. Ölkənin şimalındakı Naresuan Universitetində dərs deyən Çembers çərşənbə axşamı günü Pitsanulok əyalətindəki polis bölməsinə çağırılıb.
ABŞ Dövlət Departamenti Çembersin saxlanılmasına görə narahat olduğunu açıqlayıb. Açıqlamada deyilir: "Biz xaricdəki ABŞ vətəndaşlarına kömək etmək öhdəliyimizi ciddi qəbul edirik. Tayland hakimiyyətini ifadə azadlığına hörmət etməyə çağırırıq."
Çembers keçən həftə verdiyi açıqlamada yaşananlara görə kədərləndiyini, lakin ABŞ səfirliyi və universitetdəki həmkarları tərəfindən dəstəkləndiyini bildirib.
Taylandda son illərdə təhqir qanunu ilə bağlı cinayətlərin kəskin şəkildə artdığı müşahidə olunur. İnsan haqları müdafiəçiləri bu qanunun müxalifləri susdurmaq üçün sui-istifadə edildiyini iddia edirlər.
Tayland Hüquqşünasları Assosiasiyası (TLHR) bir əcnəbinin qanun çərçivəsində ittiham olunmasının "nadir" hal olduğunu qeyd etsə də, beynəlxalq müşahidəçilər, xüsusilə alimlər, fəallar və tələbələrə artan təzyiqdən narahatdırlar.
Qeyd edək ki, keçən il Tailandda bir şəxs bu qanun çərçivəsində 50 il azadlıqdan məhrum edilmişdi. 2021-ci ildə isə bir qadın 43 il müddətinə azadlıqdan məhrum edilib.