İstanbulda ABŞ və Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb.
ABŞ nümayəndə heyəti bu gün saat 09:45-də Rusiyanın İstanbuldakı baş konsulluğuna gəlib və iki ölkənin səfirliklərinin fəaliyyətinin normallaşdırılmasına yönəlmiş danışıqlarda iştirak edib.
ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin katibi Tammy Bruce çərşənbə axşamı bildirib ki, İstanbulda keçiriləcək danışıqlarda ikitərəfli missiyaların fəaliyyətini daha da sabitləşdirmək səyləri müzakirə olunacaq.
Bruce həmçinin vurğulayıb ki, “gündəmdə heç bir siyasi və ya təhlükəsizlik məsələsi yoxdur, Ukrayna mövzusundan da qətiyyən söhbət gedə bilməz”.
Görüşlər Rusiyanın İstanbuldakı baş konsulunun iqamətgahında keçirilib. İclasın bir neçə saat davam edəcəyi gözlənilir.
Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter rəhbərlik edir.
İclasdan əvvəl açıqlama verən Darçiyev bəzi məsələlərdə artıq irəliləyiş əldə olunduğunu açıqlayıb.
Moskva və Vaşinqton son illərdə diplomatların akkreditasiyasının alınmasında çətinliklərdən bəhs edərək fəaliyyətlərinin ciddi şəkildə pozulduğunu bildiriblər.
Rusiya tərəfi Qərbin sanksiyaları səbəbindən diplomatlara maaş verməkdə belə çətinlik çəkdiyini bildirsə də, ABŞ rəsmiləri Rusiyada fəaliyyət sahələrinin məhdudlaşdırıldığını qeyd ediblər. Hər iki tərəf qarşılıqlı ittihamlar ilə çıxış edir.
Danışıqlarda diqqət çəkən digər mövzulardan biri isə diplomatik mülklərdir.
ABŞ Rusiyaya məxsus altı mülkə, o cümlədən Lonq Aylenddəki “Killenworth” əmlakına, Merilenddəki “Pioneer Point” dachasına, San-Fransisko və Sietldəki konsulluqlara, Vaşinqton və Nyu Yorkdakı ticarət nümayəndəliklərinə məhdudiyyətlər qoyub.