BMT-nin Baş katibi Antonio Quterreş Sudandakı müharibənin üçüncü ilinə daxil olarkən mülki əhaliyə ciddi təsir göstərdiyinə diqqət çəkib və münaqişəyə son qoymaq üçün qlobal tədbirlər görməyə çağırıb.
Baş katib "Dağıdıcı müharibənin iki ili artıq tamam olub. Sudan hələ də inanılmaz dərəcədə böhranla və mülki vətəndaşlar ən ağır vəziyyətlə qarşı-qarşıyadır" deyib.
Quterreş bazarlara, xəstəxanalara, məktəblərə və köçkünlərin məskunlaşdığı ərazilərə ayrı-seçkilik edilmədən hücumları pisləyərək bildirib ki, demək olar ki, 12 milyon insan evlərini tərk etdi. Bu durum dünyanın ən böyük didərgin salınma böhranına çevrildi. 3,8 milyondan çox insan qonşu ölkələrə sığındı.
Quterreş 30 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğunu və onlardan 25 milyonunun kəskin aclıqla üzləşdiyini bildirib. O, həmçinin xəbərdarlıq edib ki, ən azı beş bölgədə aclıq aşkar edilib və kənd təsərrüfatında problemlərin artdığı bir vaxtda aclığın daha da yayılacağı gözlənilir.
Quterres "yardım işçilərinin hədəf alındığı" qarşıdurma başlayandan bəri ən azı 90 yardım işçisinin öldürüldüyünü söyləyərək, məsuliyyətə çağırıb.
"Qaydalarda pozulmalar və sui-istifadə halları ilə bağlı bütün hesabatlar üzrə müstəqil, qərəzsiz və şəffaf araşdırmalar da həyati əhəmiyyət kəsb edir" deyə o qeyd edib.
Minlərlə insan həlak oldu, milyonlarla insan didərgin salındı
"Mülki əhalinin müdafiəsini təmin etməyin yeganə yolu bu mənasız münaqişəyə son qoymaqdır" deyən Quterreş siyasi iradəni yeniləməyə çağırıb.
“Dünya Sudan xalqını unudmamalıdır” deyən Quterreş BMT-nin xüsusi nümayəndəsi Ramtane Lamamranın rəhbərlik etdiyi sülh səylərini dəstəkləməyə sadiq olduğunu bildirib.
Qeyd edək ki, 15 aprel 2023-cü ildən bəri Sudanda Çevik Dəstək Qüvvələri (RSF) və hərbçilər arasında nəzarət uğrunda mübarizə gedir və bu, minlərlə insanın ölümünə və dünyanın ən ciddi humanitar böhranlarından birinə səbəb olur.
BMT-nin və yerli rəsmilərin məlumatına görə, 20 mindən çox insan həlak olub, 15 milyon insan isə didərgin düşüb. Bununla belə, ABŞ tədqiqatçıları ölənlərin sayının 130.000 civarında olduğunu təxmin edirlər.
Ölkəni tərk edənlərin əksəriyyəti əsasən Efiopiya, Misir, Mərkəzi Afrika Respublikası (CAF) və Çada sığınıb.