Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
Rəcəb Tayyib Ərdoğan telefon danışıqları zamanı Türkiyənin bölgədə artan gərginliyin qarşısını almağa hazır olduğunu bir daha vurğulayıb. O, daha genişmiqyaslı regional müharibənin yaratdığı təhlükələrə diqqət çəkərək bütün tərəfləri dialoq və diplomatiyaya qayıtmağa çağırıb.
Türkiyə Prezidenti iranlı həmkarı Məsud Pezeşkianla apardığı telefon danışığında İsrail və İran arasında artan gərginliyi müzakirə edib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə bölgədə gərginliyin azaldılmasına yardım etməyə və nüvə danışıqlarının bərpasını dəstəkləməyə hazırdır.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Ərdoğanın bölgədə sülh və sabitliyin qorunmasına böyük önəm verdiyini bəyan edib.
Ərdoğan və Putin İsrail–İran gərginliyini müzakirə ediblər
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apararaq İsrail–İran münaqişəsi və daha geniş regional məsələləri müzakirə edib.
Ərdoğan söhbət zamanı İsraillə İran arasında artan gərginliyin bütün regionun təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını vurğulayıb. O, İsrailin beynəlxalq hüquqa məhəl qoymamasını qlobal miqyasda ciddi risk kimi qiymətləndirib.
Türkiyə Prezidenti bölgənin yeni müharibəyə dözə bilməyəcəyini qeyd edərək, diplomatiyanın və dialoqun vacibliyinə diqqət çəkib. Türkiyənin diplomatik səylərinə diqqət çəkən Ərdoğan bildirib ki, İranla bağlı məsələlərin həlli üçün bütün tərəflər ən qısa zamanda danışıqlar masasına qayıtmalıdır.
Rusiya prezidenti Vladimir Putin də R.T.Ərdoğanın narahatlıqlarını bölüşdüyünü ifadə edib və dərhal atəşkəsin əldə olunması, diplomatik həll yollarının tapılması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
Bölgədə artan gərginlik
İsrailin cümə günündən etibarən İranın bir sıra bölgələrinə, o cümlədən hərbi və nüvə obyektlərinə koordinasiyalı hava zərbələri endirməsindən sonra bölgədə gərginliyin səviyyəsi artıb. Rəsmi Tehran bu hücumlara raket zərbələri ilə cavab verib.
İsrail rəsmiləri cümə günündən bəri İranın raket hücumları nəticəsində azı 24 nəfərin həlak olduğunu, yüzlərlə insanın yaralandığını açıqlayıb. İran İsrailin hava zərbələri nəticəsində ən azı 224 nəfərin öldüyünü, 1000-dən çox insanın yaralandığını bildirib.