Beynəlxalq Valyuta Fondunun (İMF) birinci müavini Qita Qopinatın sözlərinə görə, “Ticarət müharibəsinin yaratdığı şok inkişaf etməkdə olan bazarlardakı mərkəzi banklara təsir göstərir. “Covid” pandemiyası zamanı onlar sürətlə pul siyasətini yumşalda bilirdilər, lakin indi vəziyyət fərqlidir”.
“Financial Times” qəzetinə verdiyi müsahibədə Q.Qopinat bildirib: “Tariflərin inkişaf etməkdə olan iqtisadiyyat və qlobal bazarlara təsirinin qeyri-müəyyənliyi bu ölkələrin mərkəzi bankları üçün vəziyyəti daha da çətinləşdirir. Bu dəfə onların qarşılaşacağı çətinlik pandemiya ilə müqayisədə daha böyükdür.
İnkişaf etməkdə olan bazarlar Trampın ticarət siyasətinin qeyri-müəyyənliyi üzündən "duman içində istiqamət” tapmağa çalışır, bu da vəziyyəti daha təhlükəli edir.
Trampın qeyri-müəyyən ticarət siyasəti
2025-ci ilin aprel ayında Donald Tramp dünyanın demək olar ki, hər ölkəsindən idxala 10 faiz əsas tarif tətbiq etdi, üstəlik polad, alüminium və avtomobil sektorlarına 25 faiz rüsum qoydu. O, həmçinin bir sıra ölkələrə daha yüksək tariflər tətbiq etdi, lakin danışıqlar üçün vaxt tanımaq məqsədilə onları iyul ayına qədər təxirə saldı.
May ayında ABŞ və Çin Cenevrədə keçirilən danışıqlardan sonra tarifləri müvəqqəti olaraq azaltmağa razılaşdılar, lakin Tramp sonra Pekini atəşkəsi pozmaqda ittiham etdi. Ayın 30-da o, Pensilvaniya ştatının Vest Miflin şəhərində keçirilən tədbirdə polad və alüminium tariflərini 50 faizə qədər artıracağını elan etdi ki, bu da onun qlobal ticarət müharibəsini yeni bir səviyyəyə qaldırdı.
Donald Tramp ticarət müharibəsinin ABŞ iqtisadiyyatını gücləndirəcəyinə inanır, lakin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Birləşmiş Ştatların iqtisadi artım proqnozunu 2,2-dən 1,6 faizə endirib. Bu, zəngin ölkələr arasında ən böyük düzəliş sayılır.