Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidan ilə Sergey Lavrov arasında telefon danışığı olub. İki nazir bölgədəki son vəziyyəti müzakirə ediblər. Danışıq zamanı İsrail ilə İran arasındakı gərginlik, yaranmış bu vəziyyətin mümkün qlobal və regional təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Hakan Fidan hadisələrin narahatedici olduğunu vurğulayaraq, qarşıdurmaların sona çatması və İranın nüvə fəaliyyətləri ilə bağlı fikir ayrılıqlarının həllinin yeganə yolunun diplomatiya olduğunu bildirib.
Xatırladaq ki, İsrail 13 iyun səhər saatlarında İranda bir neçə obyektə, o cümlədən hərbi və nüvə obyektlərinə koordinasiyalı hava zərbələri endirib. Bu da rəsmi Tehranın bir neçə saat ərzində cavab verməsinə səbəb olub. İsrail hakimiyyətinin məlumatına görə, o gündən bəri İranın raket hücumları nəticəsində təxminən 13 nəfər həlak olub, 370-dən çox adam isə yaralanıb.
İran isə İsrailin hücumunun ilk günündə 78 nəfərin, ikinci gün isə uşaqlar da daxil olmaqla onlarla adamın həlak olduğunu bildirib.