Ordudakı mənbənin verdiyi məlumata görə, Port Sudana ardıcıl altı gündür ki, ağır hücumların hədəfinə çevrilib. Çevik Dəstək Qüvvələrinin hücumlara görə məsuliyyət daşıdığı bildirilir.
Adının açıqlanmasını istəməyən mənbə deyib: “Şəhərdəki bəzi hədəfləri vuran düşmənə məxsus pilotsuz uçuş aparatlarından bəziləri hava hücumundan müdafiə sistemlərimiz tərəfindən zərərsizləşdirilib.”
Şahidlər bildiriblər ki, ordunun dəstəklədiyi hökumət və ölkənin əsas humanitar yardım mərkəzinin yerləşdiyi Port Sudanda hücumlar baş verib.
Ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən dağıdıcı qarşıdurmadan nisbətən uzaq və təhlükəsiz sayılan Port Sudan bazar günündən bəri hər gün pilotsuz təyyarə hücumlarına məruz qalır.
Əsas obyektlərə ziyan dəyib
Hücumlar ölkənin yeganə beynəlxalq hava limanı, ən böyük fəaliyyət göstərən yanacaq anbarı və şəhərin əsas elektrik stansiyası da daxil olmaqla bir neçə mühüm obyektə ciddi ziyan vurub.
BMT Baş katibi Antonio Quterreşin sözçüsünün verdiyi məlumata görə, Port Sudan humanitar yardımın ölkəyə əsas giriş nöqtəsidir və bu hücumlar həm humanitar ehtiyacların artmasına, həm də yardım əməliyyatlarının ciddi şəkildə axsamasına səbəb ola bilər.
İki ildən artıqdır ki, davam edən münaqişə nəticəsində on minlərlə insan həyatını itirib, 13 milyon insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb. Birləşmiş Millətlər Təşkilatı bu vəziyyəti dünyanın ən ağır humanitar böhranı kimi dəyərləndirir.