Ukrayna Rusiyanın paytaxtı Moskvanı 91 PUA ilə hədəf alıb. Hücum nəticəsində azı bir nəfər həlak olub və yanğın baş verib. Hücum səbəbindən hava limanları bağlanıb və onlarla uçuş başqa istiqamətlərə yönləndirilib. Bu barədə Rusiya rəsmiləri məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə 337 Ukrayna PUA-sı vurulub, bunlardan 91-i Moskva bölgəsində, 126-sı isə Ukrayna qüvvələrinin geri çəkildiyi Kursk bölgəsində məhv edilib.
PUA hücumu Ukrayna rəsmilərinin ABŞ nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında görüşməyə hazırlaşdığı bir vaxtda törədilib. Rusiya qüvvələri isə Kursk bölgəsində minlərlə Ukrayna əsgərini mühasirəyə almağa çalışır.
Moskva meri Sergey Sobyanin havadan müdafiə sistemlərinin şəhərə qarşı hücumların qarşısını aldığını bildirib. O, rəsmi "Telegram" kanalında "Düşmənin pilotsuz uçuş aparatlarının (PUA) Moskvaya ən genişmiqyaslı hücumu dəf edilib," - deyə qeyd edib. Moskva və ətraf bölgələrdə təxminən 21 milyon insan yaşayır.
Moskva qubernatoru Andrey Vorobyov hücum nəticəsində azı bir nəfərin həlak olduğunu, üç nəfərin isə yaralandığını açıqlayıb. O, pəncərələri sınmış bir mənzilin şəklini də paylaşıb və bəzi sakinlərin Moskva bölgəsinin Ramenskoye rayonundakı çoxmərtəbəli binalardan təxliyə edildiyini bildirib.
Moskva şəhərində panika müşahidə edilməyib və sakinlər gündəlik həyatlarına davam ediblər. Rusiyanın aviasiyaya nəzarət orqanı hücumlardan sonra hava təhlükəsizliyini təmin etmək üçün Moskvanın dörd hava limanında uçuşların dayandırıldığını bildirib. Moskvanın şərqində yerləşən Yaroslavl və Nijni Novqorod bölgələrindəki iki hava limanı da bağlanıb.
ABŞ prezidenti Donald Tramp Ukraynada sülhün təmin olunmasını istədiyini bəyan etsə də, münaqişə davam edir.
Rusiya, Moskva və strateji obyektlər üzərində elektron “çətirlər” yaradıb, strateji binalar üzərində inkişaf etmiş daxili müdafiə qatları yerləşdirib və PUA-ları Kremlin mərkəzinə çatmadan vurmaq üçün havadan müdafiə sistemləri şəbəkəsi qurub.
Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev dəfələrlə Rusiyanın kütləvi PUA hücumlarına məruz qalıb.
PUA müharibəsi
Müharibə, İkinci Dünya Müharibəsindən bəri Avropanın ən böyük münaqişəsi olaraq tarixə düşüb. Rəsmi Moskva və Kiyev həm yeni PUA-lar almağa, həm də onları inkişaf etdirməyə çalışır. Eyni zamanda, hər iki tərəf onları məhv etmək üçün yeni üsullar axtarır. Tərəflər ucuz kommersiya PUA-larını ölümcül silahlara çevirib və onların istehsalını artırıblar.
Rusiya Prezidenti Vladimir Putin müharibənin təsirlərindən Moskvanı qorumağa çalışaraq, Ukraynanın mülki infrastrukturu hədəf alan PUA hücumlarını “terror” adlandırıb və cavab tədbirləri görəcəyini vəd edib.