SİYASƏT
2 dəqiqə oxuma
Tramp Dövlət Departamentinin büdcəsini yarıya qədər azaltmağı planlaşdırır
Hesabatda qeyd olunur ki, 2026-cı maliyyə ili üçün təklif olunan büdcə 28,4 milyard dollar təşkil edəcək.
Tramp Dövlət Departamentinin büdcəsini yarıya qədər azaltmağı planlaşdırır
/ Reuters
15 aprel 2025 г.

Yerli KİV-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp administrasiyası Dövlət Departamentinin büdcəsini təxminən yarıya qədər azaltmağı planlaşdırır.

2026-cı maliyyə ili üçün təklif olunan büdcədə ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi (USAID) üçün 28,4 milyard dollar ayrılması nəzərdə tutulur. Bu məbləğ, Konqresin 2025-ci il üçün təsdiqlədiyi büdcədən 27 milyard dollar azdır.

Məlumata əsasən, humanitar yardım xərclərinin 54 faiz, qlobal səhiyyə fondlarının isə 55 faiz azaldılması planlaşdırılır.

NATO və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, 20 beynəlxalq təşkilata maliyyə dəstəyi tamamilə dayandırılsa da, Beynəlxalq Atom Enerjisi Agentliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatı kimi bəzi qurumlara məqsədyönlü töhfələrin davam etdirilməsi nəzərdə tutulur.

Bu ixtisarların həyata keçirilməsi üçün Konqresin razılığı tələb olunur. Lakin gözləntilərə görə, sözügedən ixtisarlar Konqresdə, xüsusilə də bəzi respublikaçı qanunvericilər tərəfindən ciddi müqavimətlə qarşılanacaq.

Bu müzakirələr Tramp administrasiyasının və milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin federal hökuməti sürətlə və radikal şəkildə kiçiltmək səyləri ilə üst-üstə düşür. Bu səylər çərçivəsində milyardlarla dollar məbləğində xərclərin azaldılması və minlərlə dövlət qulluqçusunun işdən çıxarılması planlaşdırılır.

Tramp prezidentliyinin ilk dövründə ABŞ-ın diplomatik və yardım büdcələrinin təxminən üçdə birini azaltmağı təklif etmişdi. Lakin federal büdcəni müəyyən edən Konqres onun bu təklifinə qarşı çıxmışdı.

Digər tövsiyələr arasında xarici yardımların dörddə birindən çoxunun ləğvi, QİÇS-lə mübarizə üçün ayrılan kiçik bir vəsait istisna olmaqla, qlobal səhiyyə proqramlarının maliyyələşdirilməsinin tamamilə dayandırılması, Birləşmiş Millətlər Təşkilatına ayrılan maliyyənin kəsilməsi, Əfqan müttəfiqlərinə yardım göstərən əsas idarənin bağlanması, eləcə də bir sıra qaçqın və immiqrasiya proqramlarının ləğvi yer alır.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us