ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) hava limanı yoxlama proqramı Çində virusun geniş yayılması ilə əlaqələndirilən və Asiyanın bəzi bölgələrində yayılan yeni NB.1.8.1 ştamı ilə bağlı bir neçə hal qeydə alıb.
“CBS News”un mayın 22-də CDC-yə istinadən yaydığı xəbərdə bildirilib ki, Kaliforniya, Vaşinqton, Virciniya və Nyu-York şəhərindəki hava limanlarına gələn beynəlxalq sərnişinlər arasında NB.1.8.1 ştamına yoluxmuş şəxslər aşkarlanıb.
Qrip Məlumatlarının Paylaşılması üzrə Qlobal Təşəbbüs (GISAID) bazasında bu yaxınlarda dərc olunan məlumatlar göstərir ki, NB.1.8.1 ştamı Yaponiya, Cənubi Koreya, Fransa, Tailand, Niderland, İspaniya, Vyetnam, Çin və Tayvan kimi müxtəlif ölkələrdən gələn sərnişinlər arasında qeydə alınıb.
Ohayo, Rod-Aylend və Havay kimi digər ştatların səhiyyə orqanları da koronavirusun NB.1.8.1 ştamına yoluxma hallarının qeydə alındığını bildiriblər. Kaliforniya və Vaşinqton ştatlarında qeydə alınan ilk hallar martın sonu və aprel ayının əvvəlinə təsadüf edir.
Hazırda Çində dominant olan və Asiyanın bəzi bölgələrində yayılan NB.1.8.1 ştamı Honq Konq ilə Tayvanda COVID-19 halları və xəstəxanaya müracətlərin artmasına səbəb olub.
İlkin tədqiqatlar göstərir ki, bu variant insan hüceyrələrinə güclü yapışdığı üçün daha yoluxucudur, lakin digər ştamlarla müqayisədə immun sisteminə qarşı əhəmiyyətli dərəcədə üstünlük əldə edə bilmir.