“Moskva və Kiyev arasında 16 may tarixində İstanbulda keçirilən sülh danışıqları diplomatik həll yolunun axtarışına yeni ölçü əlavə edib”, - deyə Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib.
H.Fidan Ukraynaya 30 may səfəri zamanı ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında çıxışında deyib: “Biz inanırıq ki, İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları konkret nəticələr verə bilər. Əks halda, ya bu müharibənin davamına qatlanacağıq, ya da bu il daimi sülhə nail olacağıq. Türkiyə İstanbulda əldə olunan irəliləyişin davam etdirilməsini arzulayır.
Düşünürük ki, İstanbulda keçirilən danışıqlar prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi edəcəyi, Tramp, Putin və Zelenskinin iştirak edəcəyi bir görüşlə taclandırıla bilər.”
Türkiyənin davamlı sülh üçün səyləri
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov mayın 28-də ABŞ Dövlət katibi Marko Rubio ilə telefonda danışaraq İstanbulda mümkün Rusiya-Ukrayna sülh danışıqlarını müzakirə edib. O, Rusiya hökumətinin 2 iyunda İstanbulda Ukrayna ilə ikinci raund danışıqlarının keçirilməsini təklif etdiyini bildirib. Türkiyə prezidenti görüşün İstanbulda davam edəcəyi fikrini dəstəkləyir və deyib: “Biz həm Rusiya, həm də Ukrayna ilə əlaqədəyik. Əldə etdiyimiz irəliləyişi davamlı sülh üçün bir fürsət kimi görürük”.
Ukrayna hələlik Rusiyanın təklifinə cavab verməyib
16 may tarixində Rusiya və Ukrayna üç il ərzində ilk dəfə İstanbulda birbaşa danışıqlar apardı və tərəflər ümumilikdə hər iki tərəfdən 1000 nəfəri əhatə edən genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldilər.
Türkiyənin vasitəçiliyi ilə keçirilən görüşlər zamanı hər iki tərəf atəşkəs üçün danışıqları davam etdirmək barədə də razılaşmışlar.