Pakistan və Hindistan bir neçə gün davam edən hərbi təyyarə, raket, pilotsuz uçuş aparatı və artilleriya hücumlarından sonra dərhal və tam qüvvəyə minəcək bir atəşkəs barədə razılığa gəliblər. Bu xəbər gözlənilmədən ABŞ Prezidenti Donald Tramp tərəfindən elan olunub. Tramp hər iki ölkəni “mötədil davrandıqları” üçün təbrik edib.
İslamabad və Yeni Dehli rəsmiləri Trampın şənbə günü “Truth Social” platformasında etdiyi açıqlamadan sonra bu bəyanatı təsdiqləyiblər.
Tramp bildirib: “ABŞ-ın vasitəçiliyi ilə baş tutan uzun bir gecədən sonra Hindistan və Pakistan tam və dərhal bir atəşkəs barədə razılığa gəlib. Hər iki ölkəni sağlam düşüncə və ağıla üstünlük verdikləri üçün təbrik edirəm.”
Hindistanın xarici işlər üzrə hökumət katibi Vikram Misri qeyd edib ki, hər iki tərəf “quru, hava və dənizdə bütün atəş və hərbi əməliyyatları dayandıracaq.”
Pakistanın xarici işlər naziri İshaq Dar “X” platformasında verdiyi açıqlamada bildirib: “Pakistan və Hindistan dərhal qüvvəyə minmək şərti ilə bir atəşkəs barədə razılığa gəlib. Pakistan suverenliyindən və ərazi bütövlüyündən geri çəkilmədən bölgədə sülh və təhlükəsizlik naminə daim səy göstərmişdir!”
Hindistan hökumətindən bir mənbə, adının açıqlanmaması şərti ilə “AFP” agentliyinə bildirib ki, atəşkəs iki ölkə arasında qarşılıqlı razılaşma ilə əldə olunub. Mənbə əlavə edib ki, “Hindistan və Pakistan arasında atəşin və hərbi əməliyyatların dayandırılması birbaşa iki ölkə arasında razılaşdırılıb.”
Qeyd edək ki, atəşkəs Pakistanın Hindistan hərbi bazalarına hücumundan bir gün sonra baş tutub. Hindistan Hərbi Hava Qüvvələri Komandanı Vyomika Sinx mayın 10-da keçirdiyi brifinqdə bildirib ki, hava bazalarına qarşı bir neçə raket hücumu həyata keçirilib.
Pakistan Hindistanı paytaxt İslamabada təxminən 10 kilometr məsafədə yerləşən “Ravalpindi” də daxil olmaqla üç bazasını raketlərlə hədəf almaqda ittiham edib. Pakistanın nəzarətində olan Kəşmir bölgəsindəki rəsmilər Hindistanın gecə boyu həyata keçirdiyi bombardmanda 11 mülki şəxsin həlak olduğunu bildiriblər.
Nüvə silahlarına malik iki qonşu ölkə arasındakı toqquşma genişmiqyaslı müharibəyə çevrilmək üzrə idi. Buna baxmayaraq baş verən toqquşmalar son onilliklərdə müşahidə olunan ən şiddətli qarşıdurma kimi qiymətləndirilib. Qarşılıqlı hücumlar nəticəsində 60-dan çox mülki şəxs həyatını itirdiyi bildirilir.