Ukrayna qarşıdakı həftə Rusiya ilə İstanbulda keçirilməsi planlaşdırılan görüşlərdə iştirak etməyə hazır olduğunu açıqlayıb. "Ukrayna növbəti görüşdə iştirak etməyə hazırdır, lakin biz konstruktiv müzakirə aparmaq istəyirik. Bu isə o deməkdir ki, Rusiyanın hazırladığı layihənin əvvəlcədən görmək istəyirik’’, – deyə Ukrayna tərəfi bildirib.
Qeyd edək ki, rəsmi Kiyevin bu çağırışı Birləşmiş Millətlər Təşkilatının üç ilə yaxındır davam edən müharibədə sülh ümidlərinin az olduğunu bildirdiyi və ABŞ-ın vasitəçilik cəhdlərindən çəkilə biləcəyi, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə biləcəyini yenidən vurğuladığı bir vaxta təsadüf edir.
Son aylarda diplomatik səylər sürətlənib, lakin Rusiya Ukrayna ərazilərinə qarşı ağır bombardmanları səngitmir və təcili atəşkəs çağırışlarını rədd edir.
Xatırladaq ki, Rəsmi Moskva iyunun 2-də İstanbulda birbaşa görüşlərin ikinci turunun keçirilməsini təklif edib və bu toplantıda uzunmüddətli sülhə dair şərtlərin yer aldığı memorandum təqdim edəcəyini bildirib. Lakin Ukrayna sənədin surətini əvvəlcədən almadığı təqdirdə, bu görüşün mənasız olacağını vurğulayıb. Kremlin sözçüsü Dmitri Peskov bu tələblə bağlı bildirib ki, Ukraynanın sənədi öncədən görməkdə israrlı olması “konstruktiv yanaşma deyil”. Ukrayna tərəfi isə öz sülh şərtlərini artıq təqdim etdiyini və Moskvanın da eyni addımı atmasını gözlədiyini bəyan edib. “Rusiya görüşləri pozmaq üçün əlindən gələni edir. Bu da Rusiyaya qarşı kifayət qədər sanksiya və təzyiqin zəruriliyinin daha bir səbəbidir”, - prezident Volodimir Zelenski deyib. Bundan əlavə Ukrayna Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin katibi Georgi Tıxin bildirib ki, rəsmi Moskvanın sənədi paylaşmaqdan imtina etməsi, onun reallıqdan uzaq olduğunu göstərir.
R. T. Ərdoğan: “Dialoq kanallarını açıq saxlayıb’’
Görüşlərin növbəti turuna ev sahibliyi edəcəyi gözlənilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfləri dialoq kanallarını açıq saxlamağa çağırıb.
İstanbulda mayın 16-da keçirilən son birbaşa görüşlər təkcə əsir mübadiləsi və qeyri-müəyyən öhdəliklərlə nəticələnmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Kreml bu dəfə də Vladimir Medinskiyin rəhbərliyi ilə eyni heyəti danışıqlara göndərməyi planlaşdırır.
Qeyd edək ki, may görüşlərindən sonra Ukrayna rəsmi Moskvanı, hələ də Ukraynanın nəzarətində olan ərazilərlə bağlı güzəşt tələbi də daxil olmaqla, reallıqdan uzaq şərtlər irəli sürməkdə ittiham etmişdi.
ABŞ mayın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edərək, təklif olunan atəşkəsin Rusiya üçün mümkün olan ən yaxşı nəticə olduğunu və prezident Vladimir Putinin bu razılaşmanı qəbul etməli olduğunu bildirib. Rəsmi Vaşinqton Rusiyadan 30 günlük quru, hava, dəniz və kritik infrastrukturda genişmiqyaslı atəşkəsi qəbul etməsini tələb edib.
Ukraynada mülki itkilər artır
BMT-nin yüksək vəzifəli rəsmiləri Ukraynada bu il mülki itkilərin dramatik şəkildə artdığını bildirərək, gərginləşən münaqişə fonunda təcili atəşkəsə və humanitar yardıma çağırış ediblər.
BMT-nin Baş katibinin siyasi və sülh quruculuğu üzrə müavini Rozmari Dikarlo Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı keçirilən iclasda çıxış edərək deyib:“Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından bəri 707-si uşaq olmaqla, ümumilikdə azı 13.279 mülki şəxs həlak olub. Yaralanan mülki şəxslərin sayı isə 2.068-i uşaq olmaqla, 32.449 nəfərdir. Bu ilin ilk rübündə mülki ölümlərin sayı, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 59 faiz daha çoxdur.”