BMT-nin Miqrasiya Agentliyi İndoneziyadakı Rohinca müsəlmanlarına maliyyə dəstəyinin azaldılmasını nəzərdə tutan qərarı ləğv edib. Bu barədə agentliyin ölkədəki yüksək vəzifəli nümayəndəsi AFP-yə verdiyi müsahibədə məlumat verib. Qərar ABŞ Prezidenti Donald Trampın xarici yardım fondlarını dondurmasından bir neçə gün sonra qəbul edilib.
Rohinca müsəlmanları Myanmada ciddi təqiblərə məruz qalır və hər il minlərlə insan uzun və təhlükəli bir yoldan keçərək Malayziya və ya İndoneziyaya sığınmağa çalışır. Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məktubunda, Sumatranın qərbindəki Pekanbaru şəhərindəki təxminən 1000 Rohinca müsəlmanına dəstəyin azaldılacağı bildirilmişdi.
Lakin IOM-un İndoneziyadakı rəsmisi Ceffri Labovitz AFP-yə verdiyi müsahibədə bildirib ki, ixtisarlar səbəb göstərilmədən ləğv edilib. "Humanitar yardım göstərmək üçün ən böyük proqramımız bərpa edilib", - deyə Labovitz qeyd edib.
Hazırda 2000-dən çox Rohinca müsəlmanı İndoneziyadakı hüquqi qeyri-müəyyənlik şəraitində yaşayır, çünki heç bir ölkə onları daimi olaraq qəbul etmək istəmir və onlar sığınacaq və yardım üçün BMT-nin dəstəyindən asılıdırlar. İndoneziya BMT-nin qaçqınlar haqqında konvensiyasını imzalamayıb və Myanmadan olan qaçqınları qəbul etməyə məcbur olmadığını bildirib. Ölkə qonşu dövlətləri Rohincalara yardım yükünü paylaşmağa və sahillərinə gələn qaçqınları məskunlaşdırmağa çağırır.
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun inkişaf agentliyi USAID çərçivəsindəki 5200 proqramı ləğv etdiyini, lakin Dövlət Departamenti tərəfindən idarə olunacaq 1000 proqramın davam edəcəyini açıqlayıb.