SİYASƏT
2 dəqiqə oxuma
ABŞ-ın İrana qarşı hücumlarına sərt reaksiya
BMT-dən xəbərdarlıq: “Yeganə yol diplomatiyadır”
ABŞ-ın İrana qarşı hücumlarına sərt reaksiya
4 saat əvvəl

ABŞ prezidenti Donald Trampın İranın üç nüvə obyektinə hava zərbələri endirildiyini bəyan etməsi beynəlxalq aləmdə ciddi narahatlığa səbəb olub. İsrail tərəfindən isә təqdir edilәn bu qərar, BMT başda olmaqla bir çox ölkənin etirazına və bölgədə genişmiqyaslı münaqişə təhlükəsinin artacağına dair xəbərdarlıqlara yol açıb.

 

İsrailin Baş naziri Benyamin Netanyahu

B.Netanyahu D.Trampın qərarını yüksək qiymətləndirərək bildirib: “Cәnab prezident D.Tramp sizi təbrik edirəm!  ABŞ-ın nəhəng gücündən istifadə edərək İranın nüvə obyektlərini hədəf almaqla verdiyiniz cəsarətli qərar tarixə yön verəcək. Tarix yazacaq ki, prezident D.Tramp dünyanın ən təhlükəli rejimini, dünyanın ən təhlükəli silahlarından məhrum etmək üçün addım atdı.”

 

BMT Baş katibi Antonio Quterreş

“Bu gün ABŞ-ın İrana qarşı güc tətbiq etməsindən dərin narahatlıq hissi keçirirәm. Bu onsuz da böhran həddinə çatmış bir bölgədə təhlükənin artımı demәkdir. Belә bir vәziyyәt beynəlxalq sülhə və təhlükəsizliyə birbaşa təhdid təşkil edir. Bu münaqişə mülki əhali, region və dünya üçün fəlakətli nəticələr yarada bilər. Bütün üzv dövlətlərə BMT Nizamnaməsinə və beynəlxalq hüququn digər norma və prinsiplərinə uyğun davranmağa, gərginliyi azaltmağa çağırıram. Yeganə çıxış yolu diplomatiya, yeganə ümid isə sülhdür”, – deyə Baş katib bəyan edib.

 

Venesuela Xarici işlər naziri İvan Gil Pinto

Nazir İ.Gil Pinto bildirib: “Venesuela ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi təcavüzü qətiyyətlə pisləyir və düşmənçiliyə dərhal son verilməsini tələb edir. Venesuela Bolivar Respublikası ABŞ Silahlı Qüvvələrinin İsrail dövlətinin tələbi ilə İran İslam Respublikasındakı Fordo, Natanz və İsfahan komplekslərini də əhatə edən nüvə obyektlərinə qarşı həyata keçirdiyi bombardmanı qətiyyətlə və açıq şəkildə pisləyir.”

 

Meksika Xarici İşlər Nazirliyi

Meksika rəsmiləri bəyan ediblər: “Nazirlik Yaxın Şərqdəki münaqişə tərəfləri arasında sülh üçün təcili diplomatik dialoqun başlanmasına çağırır. Konstitusiyamızın xarici siyasət prinsiplərinə və ölkəmizin sülhpərvər mövqeyinə uyğun olaraq bölgədə gərginliyin azaldılması çağırışımızı təkrarlayırıq. Region ölkələri arasında dinc yanaşı yaşamağın yenidən bərpa olunması bizim üçün ən ali prioritetdir.”

 

Kuba prezidenti Migel Dias-Kanel

Kuba rәhbәri Tramp administrasiyasının hərəkətinə kəskin etiraz edərək bəyan edib: “ABŞ-ın İranın nüvə obyektlərini bombalamasını şiddətlə qınayırıq. Bu, Yaxın Şərqdəki münaqişənin təhlükəli şəkildə dərinləşməsi deməkdir. Bu hücum BMT Nizamnaməsi və beynəlxalq hüququ kobud şəkildə pozur və bəşəriyyəti qayıdışı olmayan bir böhranla üz-üzə qoyur.”

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us