İslam dünyasının ən böyük alimlərindən olan İmam Qəzalinin İrandakı ziyarətgahı aşkar edilməsindən 15 il keçməsinə baxmayaraq, hələ də bərpa olunmağı gözləyir.
2007-ci ilin ortalarında yerli sakinlərdən biri mal-qara üçün otlaq kimi istifadə edilən tənha ərazidə təsadüfi və maraqlı qazıntı apardığı zaman müsəlman dünyasının ən böyük xəzinələrindən birininin məzarını gün üzünə çıxardı. Bu məzar bütün dövrlərin ən savadlı müsəlman alimlərindən biri hesab edilən mütəfəkkir əl Qəzalinin o zamana qədər aşkarlana bilməmiş məzarı idi.
Onun məzarı İranın ikinci ən çox əhalisi olan şəhəri Məşhəddən cəmi 24 km aralıda yerləşən tarixi Tus şəhərində gün üzünə çıxarıldı. Bu kəşf dünyanın yaradılması mövzusundakı Aristotelçi fikrə meydan oxuyan və Hüccətülislam (İslam dəlili) titulu ilə təltif edilən bu böyük mütəfəkkirin məzarını tapmaq səylərinə son qoydu.
Lakin məzarın aşkarlanmasından 15 il keçməsinə baxmayaraq, o, hələ də təmir və bərpa işlərini gözləyir. Təbiət şərtləri məqbərənin bünövrəsini aşındırsa da, 1111-ci ildə 53 yaşında vəfat edən Əbu Həmid Məhəmməd Bin Məhəmməd əl Qəzalinin məzarı hələ də sağlığında qazandığı nailiyyətlərə görə layiq olduğu əzəmət və hörməti görməyib.
Dəfn edilmiş tarix
Məzarın tapılması ilə bağlı maraqlı bir hekayə var. Yerli sakinlərdən biri mütəxəssis olmasa da, böyük fars şairi Firdovsinin yaşadığı və məşhur “Şahnamə” əsərini yazdığı Tusun tarixini bilirdi.
Otlaqdakı kurqanla maraqlanan sakin təpəni qazıb və qədim tikililərin izlərini tapıb. Daha sonra o, yerli hakimiyyət orqanlarını xəbərdar edib və əraziyə baxış keçirmək üçün qrup göndərilib.
Bu komanda əl Qəzalinin məqbərəsi üzərindəki günbəzin təməllərini ilk kəşf edən komanda olub. Ziyarətgah hazırda İranın ən böyük fondu olan Astan Qüds Rəzəvinin idarə etdiyi fonda məxsus ərazidə yerləşir.
Əsrlər boyu əl Qəzalinin məqbərəsinin dəqiq yeri İslam alimləri və mütəxəssisləri arasında fərziyyə və mübahisə mövzusu olmuşdur. Əvvəllər diqqəti cəlb edən bir neçə qəbirin sonradan sadəcə monumental qəbirlər olduğu aşkar edilmişdir.
Məsələn, onlardan biri aşkar edilən türbədən bir neçə kilometr aralıda Abbasi xəlifəsi Harun ər-Rəşid tərəfindən tikildiyi güman edilən Haruniyyə adlı mədrəsənin həyətində yerləşir.
Amma məzarın üzərindəki ilahiyyatçının adını və digər detalları daşıyan bir kitabə orjinallığı mövzusunda mötəbər olaraq qəbul edilib. Əl Qəzali ilə yanaşı, onun dörd tələbəsinin də məzarı aşkar edilib.
Səlcuq üslubu
Əvvəlcə Səlcuqlu memarlıq xüsusiyyətləri ilə səkkizbucaqlı şəklində tikilmiş günbəzin bünövrəsi buranın bir vaxtlar necə göründüyü barədə təsəvvür yaradır. Bu yer, yəqin ki, XIII əsrin birinci yarısında bu torpaqlardan keçən monqol işğalçılarının dağıntılarından sağ çıxa bilməyib. Günbəzin dağılmış vəziyyətdə olması o dövrün zorakılıq dövrünə şahidlik edir.
Amma hazırda məzar tərk edilmiş kimi görünür. Çatları gizlətmək üçün bir neçə uyğunsuz gips yamaqlarından başqa, bu arxeoloji xəzinənin bərpası üçün heç bir iş görülməyib.
İranın tarixi əhəmiyyətə malik məzarları qorumaq səyləri ilə tanındığını nəzərə alsaq, bu etinasızlıq daha da təəccüblüdür. İran Fondlar və Xeyriyyə Təşkilatının məlumatına görə, hazırda İranda 8167 imamzadə (On iki İmamın oğulları və ya nəvələri) türbəsi var. Bəzi mənbələrə görə, İmamzadə ziyarətgahı kimi təqdim edilən ziyarətgahların bir çoxunun 1979-cu il İran İnqilabından sonra yarandığı güman edilir.
Qəzalinin qəbri bu məsələdə tək deyil. Eyni coğrafiyanın digər mühüm şəxsiyyəti olan fars alimi Nizamülmülkün məzarı da yaxşı vəziyyətdə deyil, lakin Qəzalinin məzarından daha yaxşı vəziyyətdə olduğunu söyləmək olar. Məlum olduğu kimi, bu iki adın İslam sivilizasiyası tarixində müstəsna yeri vardır.
Nizamülmülkün İslam dövləti fəlsəfəsinə və Qəzalinin düşüncəsi üzərindəki təsiri danılmazdır.
Əsrlər əvvəl əl Qəzali deyib: "Əziz dostum, sənin qəlbin cilalanmış güzgüdür. Üzərində yığılan toz pərdəsini təmizləməlisən, çünki o, ilahi sirlərin işığını əks etdirmək üçün yaradılmışdır".
Nəhayət ki, məzarından toz və hörümçək torları təmizləndikdə, bəlkə də əl Qəzalinin həyatı və fəaliyyəti onun doktirinasına hər zamankindən daha çox ehtiyacı olan bir dünyada əks olunacaq.