"Həmas" Fələstin xalqının öz torpaqlarını idarə etmək hüququna malik olduğunu və İsrailin işğalı davam etdiyi müddətcə silahlarını yerə qoymayacaqlarını bildirib.
Bu barәdә "Həmas"ın diasporadakı ofislərinin rəhbəri Xalid Məşəl bildirib.
"Həmas" bazar günü, Məşəlin Misirin Qahirə şəhərində keçirilən mərasimdəki çıxışını əks etdirən videonu paylaşıb.
"Qəzza yalnız öz xalqına məxsusdur.Nә Qəzza, nə də İordan çayının qərb sahilindəki xalq öz vətənini başqa bir yerə dəyişməyəcək", - deyə Xalid Məşəl bildirib.
Fələstinin alternativi yoxdur
Məşəl vurğulayıb ki, İsrailin mühasirəsi altında olan Qəzzada və işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilər öz torpaqlarına bağlı qalacaqlar.
"Fələstinin alternativi yalnız Fələstindir. Ərəb və İslam ölkələrinə olan hörmətimizə baxmayaraq, heç bir yer vətənimizi əvəz edə bilməz", - deyə Xalid Məşəl bildirib.
Məşəl qeyd edib ki, Fələstini yalnız öz xalqı idarə edəcək və orada heç bir xarici siyasi sistem tətbiq edilməyəcək.
O, Fələstinin qarşılaşdığı çətinliklərə qarşı milli birliyin əhəmiyyətini vurğulayıb və ərəb dünyasını Fələstin xalqının yanında olmağa çağırıb.
O, həmçinin, Qəzza əhalisini aclıqla sürgün etməyə çalışdıqlarını qeyd edib.
"Qəzzanın gələcəyi, rəhbərliyi, silahları və müqavimət gücü təhlükə altındadır", - deyə Xalid Məşəl vurğulayıb.