Türkiyə-ABŞ işçi qrupunun Suriyaya dair iclası mayın 20-də Vaşinqtonda keçiriləcək.
Türkiyə Xarici işlər nazirinin müavini Nuh Yılmaz və ABŞ Dövlət katibinin müavini Kristofer Landaunun həmsədrliyi ilə olacaq bu toplantıda iki ölkənin Suriya siyasətləri və ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün əməkdaşlıq imkanlarını müzakirə ediləcək.
DAEŞ (İŞİD) və digər terror təşkilatlarına qarşı mübarizə iclasın əsas maddələrindən olacaq. Həmçinin, rəsmi Ankaranın Suriya hökumətinə dəstəyi və Türkiyə tərəfindən terror təşkilatlarına qarşı həyata keçirilən regional səylər danışılacaq.
ABŞ-ın Suriyaya sanksiyaları
Tərəflər Suriyanın şimal-şərqindəki düşərgələrdə əməkdaşlıq imkanlarından danışacaq. ABŞ tərəfi Suriyada hərbi qüvvələrin möhkəmləndirilməsi ilə bağlı davam edən proses haqqında məlumat verəcək.
Bu iclas keçən həftə Amerika və Suriya arasında liderlik səviyyəsində baş tutan birbaşa əlaqələrdən və ABŞ prezidenti Donald Trampın Suriyaya tətbiq olunan sanksiyaların ləğvini elan etməsindən sonra keçirilir. Ona görə toplantıda ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı proses və zaman cədvəli də müzakirə olunacaq.
Nuh Yılmaz yığıncaqda Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədilə ABŞ-la siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində çoxşaxəli koordinasiyaya Türkiyənin verdiyi əhəmiyyəti vurğulayacaq, Suriyanın hazırda keçdiyi tarixi proses nəticəsində ölkədəki bütün terror ünsürlərinin aradan qaldırılacağına dair Türkiyənin gözləntilərini paylaşacaq.