ABŞ Dövlət Departamenti Hindistan və Pakistanı atəşkəsi qorumağa çağıraraq, prezident Trampın sülh çağırışını təkrarlayıb.
Tramp Kəşmir mübahisəsi ilə bağlı vasitəçilik təklif edib və iki rəqibi “yaxşı yola” və güzəştə getməyə çağırıb.
ABŞ Hindistan və Pakistan arasında kövrək atəşkəs rejimini dəstəklədiyini bir daha təsdiqləyərək, hər iki ölkəni sakit olmağa və birbaşa dialoqa çağırıb. Donald Trampı isə uzun müddətdir davam edən mübahisələri həll etməyə hazır olan “sülhməramlı” kimi xarakterizə edib.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommy Piqott mayın 13-də verdiyi açıqlamada deyib: "Hindistan və Pakistan arasında atəşkəs əldə olunmasına sevindik. Bu məsələ diqqət mərkəzimizdədir və atəşkəsin qorunduğunu görməyi, birbaşa ünsiyyəti təşviq etməyi istəyirik. Problemin həllində prioritetimiz budur".
Sözçü prezidentin “bu mövzuda danışdığını” və davamlı olaraq qlobal sülh səylərini dəstəklədiyini söyləyib.
Qeyd edək ki, Vaşinqtonun mesajı aydın olub. Belə ki, regional gərginlik narahatlıq doğursa da, Birləşmiş Ştatlar Yeni Dehli və İslamabad arasında dialoqu və gərginliyin azaldılmasını dəstəkləməyə davam edir.
“Biz tərəflər arasında birbaşa əlaqəni görmək istəyirik”, - deyə bildirən ABŞ rəsmisi deyib ki,dünyanın müxtəlif yerlərində uzun müddətdir davam edən münaqişələrin həllinə gəlincə, prezident həmin münaqişələri həll etmək istəyir. O, sülh axtarışında kömək etməyə hazırdır.
Prezident Tramp Hindistan və Pakistan arasında diplomatik əlaqələrin daha da inkişaf etdirilməsinə çağırıb və onların “zorakılığın artmasının qarşısını almaq üçün tarixi atəşkəsə nail olduqlarını” bildirib.
Yaxın Şərqə səfəri zamanı bir forumda çıxış edən Tramp ABŞ dövlət katibi Marko Rubioya "Düşünürəm ki, onlar əslində yaxşı anlaşırlar. Bəlkə onları bir az da bir araya gətirə bilərik" deyib.
Xatırladaq ki, Hindistanın 26 turistin ölümü ilə nəticələnən hücumda Pakistanı ittiham etməsindən sonra iki əzəli rəqib arasında münasibətlər daha da gərginləşib. Hər iki tərəf qarşılıqlı olaraq bir-birinin hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəf alıb. Nəticədə onlarla mülki şəxs həyatını itirib.
Pakistan bu ittihamları qəti şəkildə rədd edib və qərəzsiz araşdırmanın aparılması ilə bağlı çağırış edib.
Hindistan verdiyi açıqlamada Pakistan və Pakistanın nəzarətində olan Kəşmir ərazisində yerləşən 9 "terror infrastrukturu" obyektinə zərbələr endirdiyini bildirib. Lakin İslamabad bu hədəflərin mülki obyektlər olduğunu qeyd edib.