Türkiyə Böyük Millət Məclisi o vaxtkı Baş nazir Adnan Məndərəsin təklifi ilə Şimali Koreyanın hücumuna qarşı Cənubi Koreyaya qoşun yeritmək qərarına gəlib. Türk briqadası göstərdiyi böyük cəsarət və uğurları ilə “seçilmiş hərbi birləşmə” adını qazanmış və müharibənin gedişatında mühüm rol oynamışdır.
İstanbulda yaşayan 96 yaşlı Koreya müharibəsi veteranı Mustafa Rəcbəroğlu o günlər barədə "TRT World"ə duygu dolu sözlərlə deyib: "Ankarada keçdiyimiz təlimdən sonra gəmi ilə İskenderundan yola düşdük. Süveyş kanalını, okeanları keçdik və uzun bir yoldan sonra Koreyaya gəldik. Çox çətinlik çəkdik, yoldaşlarımız şəhid oldular. O günləri xatırlayınca çox duyğulanıram. Heç bir yerdə müharibə olmasını istəmərəm, amma bir dəfə başladımı ondan qaçmaq olmaz".
Türk briqadası Koreyaya gələn ilk xarici hərbi dəstələrdən biri idi. Müharibədə 900-ə yaxın türk əsgəri şəhid olub. Şəhidlərdən 462 nəfəri Cənubi Koreyanın Busan şəhərindəki BMT-nin Koreya Xatirə Qəbiristanlığında dəfn edilib.
Mehmetcik müharibənin istiqamətini dəyişdi
Türkiyənin Cənubi Koreyadakı səfiri Murat Tamer "Koreya müharibəsinin 70-ci ildönümündə şəhidlərimizi hörmət və rəhmətlə yad edirik. Türk ordusu müharibədə böyük qəhrəmanlıq göstərərək müharibənin gedişatını dəyişdirdi. Kumyangjang-ni döyüşündə əldə etdikləri qələbə ilə BMT qüvvələrinə dəstək oldular". deyib
Koreya müharibəsi Türkiyə ilə Cənubi Koreya arasında möhkəm dostluğun əsasını qoydu. İki ölkə “qan qardaşı” adlandırılır və əlaqələri bütün sahələrdə inkişaf etdirməyə davam edir. Müharibədən sonra türk əsgərləri 1971-ci ilə qədər bölgədə sülhü qorumağa davam etdi.
Türk əsgərlərinin fədakarlıqları təkcə döyüş meydanında deyil, həm də humanitar yardımları ilə özünü göstərdi. Türkiyə müharibə nəticəsində yetim qalan koreyalı uşaqlar üçün məktəb tikən yeganə ölkə idi. Bu uşaqlardan biri olan Aylanın hekayəsi bəşəriyyət üçün ümidverici bir nümunədir.
Müharibə zamanı Süleyman Dilbirliği adlı türk əsgəri ailəsini itirmiş 5 yaşlı qızı taparaq adını Ayla qoyub. Ayla türkcə "ay və ulduzların ətrafında görünən işıq halqası" deməkdir.
“Biz fədakarlıqları heç vaxt unutmayacağıq”
Süleyman Dilbirliği 15 ay türk hərbi kazarmasında Aylaya baxıb. Türkiyəyə qayıtmağa hazırlaşarkən Aylanın Cənubi Koreyada türk ordusunun qurduğu Ankara məktəbinə qeyd olunması üçün rəhbərlərindən kömək tələb edib.
Onun üçün Aylanı geridə qoymaq çətin bir qərar idi. Onu Türkiyəyə aparıb öz qızı kimi böyütmək istəyirdi. Tarixi məlumatlara görə, o, Aylanı çamadanda ölkədən çıxarmağa çalışsa da, buna nail ola bilməyib.
İllər sonra Ayla və Süleyman Cənubi Koreyada yenidən görüşdülər. Bu emosional görüş iki ölkə arasında əlaqələrin nə qədər güclü olduğunu bir daha göstərdi.
Cənubi Koreyanın Ankaradakı səfiri Von IK Lee "Türk əsgərlərinin fədakarlıqları Koreya xalqının yaddaşında dərin izlər buraxdı. Koreya Respublikası bu fədakarlıqları heç vaxt unutmayacaq" deyib.