COVID-19 pandemiyasının dünya səhiyyə sistemində kritik zəiflikləri üzə çıxarmasından beş il sonra üzv ölkələr kapital, texnologiya mübadiləsi və yeni qlobal pandemiyaya hazırlaşmaqda əməkdaşlıq kimi məsələləri həll edən 32 səhifəlik saziş barədə razılığa gəldilər.
Üç ildən çox davam edən danışıqlar nəticəsində ölkələr növbəti pandemiyalarla necə mübarizə aparacaqlarına dair tarixi razılaşmanın mətni üzərində razılığa gəldilər. Məqsəd COVID-19 böhranı zamanı buraxılmış səhvlərin təkrarlanmasının qarşısını almaqdır.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus "Bu toplantı daha təhlükəsiz dünya qurmaq üçün mühüm mərhələyə işarə edir. Bu gün dünya xalqları Cenevrədə tarix yazdılar" deyib.
Danışıqlar quş qripi (H5N1), qızılca, mpox və Ebola kimi yeni sağlamlıq təhdidlərinin kölgəsində COVID-19-un milyonları öldürdüyü və iqtisadiyyatları sarsıtmasından beş il sonraya təsadüf edir. Danışıqların son mərhələsinə isə ABŞ-ın xarici yardımı kəsməsi və dərmanlara mümkün daha yüksək tariflərlə kölgə salınıb.
Razılaşma qəbul edildi
Danışıqlarda bəzi mübahisəli maddələrdə fikir ayrılığı son dəqiqəyə kimi davam edib.
Tərəflər pandemiya ilə mübarizədə səhiyyə sektorunda istifadə olunan texnologiyanın inkişaf etməkdə olan ölkələrə ötürülməsini tənzimləyən 11-ci maddədə ilişib qalıblar.
Xatırlamaq lazımdır ki, COVID-19 pandemiyası zamanı kasıb ölkələr varlı ölkələri peyvənd və testlərdən yayınmaqda ittiham edirdilər. Böyük əczaçılıq sənayesi olan ölkələr texnologiya transferlərinin məcburi deyil, könüllü olmasında təkid edirdilər. Nəticədə bu maneələrin transferlərin “qarşılıqlı razılıq əsasında” edilməsinin lazım olduğu ifadəsini əlavə etməklə bu maneənin aradan qaldırıla biləcəyinin mümkün olduğu görüldü.
Razılaşmanın əsasını patogen məlumatların əczaçılıq şirkətləri ilə sürətlə paylaşılmasını təmin edəcək və beləliklə, pandemiyaya qarşı məhsulların hazırlanması prosesini sürətləndirəcək Patogen Giriş və Faydaları Paylaşma Sistemi (PABS) təşkil edir.
"Bu tarixi sazişi hazırlayarkən dünya ölkələri növbəti pandemiya təhlükələrinin qarşısını almaq və hər kəsi qorumaq üçün birgə öhdəliklərini nümayiş etdirdilər", -deyə danışıqların həmsədri Anne-Kler Amprou deyib.
Yekun mətn gələn ay ÜST-nin illik Baş Assambleyasına təqdim olunacaq.
“Daha çox bərabərlik”
ÜST-nin Baş direktoru Tedros Qebreyesus jurnalistlərə bildirib ki, o, hazırkı layihənin “balanslaşdırılmış” olduğunu və bu razılaşmanın “daha çox bərabərlik” gətirəcəyini düşünür.
Qebreyesus etiraf edib ki, pandemiyaların qarşısını almaq, onlara hazırlaşmaq və onlara cavab vermək baha başa gələ bilər, lakin xəbərdarlıq edərək deyib ki, ancaq hərəkətsizliyin dəyəri daha böyükdür. Virus ən böyük düşməndir. Onun mümkün təsirləri müharibədən də pis ola bilər".
ABŞ qlobal səhiyyə sistemini sarsıdan xarici yardımların kəsilməsi səbəbindən danışıqlara qatılmadı. ABŞ prezidenti Donald Tramp yanvar ayında vəzifəyə gəldikdən sonra ÜST və pandemiya sazişi danışıqlarından çıxmaq qərarına gəlib.
Lakin ABŞ-ın olmaması və əczaçılıq məhsullarına yüksək tariflər tətbiq etmə təhdidləri istehsalçılar və hökumətlər arasında narahatlıq yaratmağa davam edib. Sonda ölkələr razılıq əldə edə biliblər. Çoxları mətnin ratifikasiyasını qlobal əməkdaşlığın qələbəsi kimi qiymətləndirir.
Yeni Zelandiyanın keçmiş Baş naziri və Pandemiyaya Hazırlıq və Cavab üzrə Müstəqil Panelin həmsədri Helen Klark “Təhlükə altında olan çoxtərəflilik şəraitində ÜST-ə üzv ölkələr bir araya gəldilər. Biz növbəti pandemiya təhlükəsini yalnız birlikdə işləməklə məğlub edə bilərik” deyib.
Təbrik nitqləri səhərə qədər davam edərkən, Esvatini Krallığının nümayəndəsi xəbərdarlıq edərək deyib ki, biz bu anı qeyd etməklə kifayətlənməməliyik. Əsl iş indi başlayır.