Çevrilişdən sonra Banqladeş ilk dəfə seçki tələb edir
Banqladeş ordusu bildirib ki, ölkənin keçmiş başçısının kütləvi üsyan nəticəsində devrilməsindən sonra keçiriləcək ilk seçkilər 2025-ci ilin dekabrına qədər təşkil olunmalıdır.
General Vaker-üz-Zaman mayın 21-də zabitlərə seçkilərin bu ilin dekabr ayına qədər, əgər mümkün olarsa, daha erkən keçirilməli olduğunu bildirib. Bu barədə Banqladeş qəzetləri yazıb.
170 milyon əhalisi olan Cənubi Asiya ölkəsi Banqladeş keçmiş baş nazir Şeyx Hasinanın 2024-cü ilin avqust ayında tələbə üsyanı nəticəsində devrilməsindən sonra siyasi qarışıqlıq içindədir.
“Banqladeş xaotik bir mərhələdən keçir,” - deyə Vaker-üz-Zaman mətbuata açıqlama verib: “Vəziyyət gün-gündən daha da pisləşir. Mülki idarəetmə və hüquq-mühafizə orqanlarının strukturu çöküb, yenidən təşkil olunmayib”.
Seçkilər üçün hələ bir tarix müəyyən edilməyib, lakin müvəqqəti başçı Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus ən gec 2026-cı ilin iyun ayına qədər seçkilərin keçiriləcəyini söyləyib.
Ölkədə əsas favorit hesab edilən Banqladeş Milli Partiyası (BNP) dəfələrlə seçki tarixinin açıqlanmasını tələb edib.
Mayın 22-də BNP paytaxt Dəkkədə etiraz aksiyaları keçirib. Bu, onların müvəqqəti hökumətə qarşı ilk nümayişidir.
Banqladeş ordusu “Seçkilər dekabr ayına qədər, əgər mümkün olarsa, daha erkən keçirilməlidir” deyir.
Vaker-az-Zaman 2024-cü ilin avqustunda Şeyx Hasinanın devrildiyini elan edən şəxsdir. O zaman hərbi qüvvələr qısa müddətə hakimiyyəti ələ aldı. Bir neçə gün sonra isə Vaker hakimiyyəti 84 yaşlı Məhəmməd Yunusa təhvil verdi və bildirdi ki, “O, növbəti seçkilərə qədər müvəqqəti hökumətə rəhbərlik edəcək”.
Banqladeş ordusunun sözçüsü, polkovnik-leytenant Sami-üd-Dovla Çoudhuri təsdiqləyib ki, Vaker-Üz-Zaman 22 mayda zabitlərə müraciət edib, lakin görüşün məxfi olduğunu bildirib.