Şimali Koreyada hərbi gəminin suya buraxılması zamanı qəza baş verib.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KMXA) yaydığı xəbərə görə, hadisə ölkənin şərqində yerləşən Çonjin şəhərində qeydə alınıb.
Yeni tikilmiş 5000 tonluq hərbi gəminin arxa hissəsi sürüşərək konstruksiyaya ciddi ziyan vurub. KMXA-nın məlumatına əsasən, qəzanın baş verməsinə təcrübəsizlik səbəb olub.
Mərasimdə iştirak edən Şimali Koreya lideri Kim Çen In hadisəni "ehtiyatsızlıq və məsuliyyətsizlik" kimi qiymətləndirib və bunun qəbuledilməz olduğunu bildirib.
Qeyd edək ki, bu gəmi Şimali Koreyanın dəniz qüvvələrinə əhəmiyyətli töhfə verməsi planlaşdırılan mühüm bir layihə idi və hərbi gəmiqayırma sahəsində iddialı addım hesab olunurdu. Lakin yaşanan olay ölkə daxilində ciddi tənqidlərə səbəb olub.
Xatırladaq ki, Şimali Koreya regional güclərlə artan gərginlik fonunda son dövrlərdə yeni hərbi texnikanı nümayiş etdirərək dəniz donanmasının inkişafına xüsusi diqqət yetirir.