ABŞ-ın Ankaradakı yeni səfiri Tomas Barak prezident Trampın Türkiyə-Amerika ittifaqını gücləndirməyi hədəflədiyini açıqlayıb.
Səfir iki ölkə arasındakı münasibətləri “laiq olduğu səviyyəyə” yüksəltmək üçün cəhd edəcəklərini vurğulayıb.
ABŞ-ın Türkiyəyə yeni təyin olunmuş səfiri bəyan edib ki, ABŞ prezidenti Donald Trampın məqsədi Türkiyə-Amerika müttəfiqliyini “layiq olduğu səviyyəyə” qaldırmaqdır.
Tomas Barak mayın 6-da Ankara Esenboğa hava limanında jurnalistlərə "Prezident Trampdan çox sadə bir mesajla gəldim... Bu mesaj Türkiyə ilə ABŞ arasındakı müttəfiqliyi layiq olduğu səviyyəyə qaldırmaq istəyidir" deyib. Vaşinqtonla Ankaranın hər zaman “gözəl münasibətləri” olduğunu deyən səfir bu münasibətlərin “fövqəladə” səviyyəyə çatmasının vacibliyini vurğulayıb.
Səfir “Prezidentin məqsədi xalqın vasitəçiliyi ilə böyük millətlərin güclü rəhbərliyi sayəsində sürətləndirilmiş sülh və firavanlıq prosesinə nail olmaqla Türkiyə və ABŞ-ı daha güclü və dünyanı daha yaxşı bir yerə çevirməkdir” deyib.
Ötən həftə ABŞ Senatı Barakın Türkiyəyə səfir təyin olunmasını 60-a qarşı 36 səslə təsdiqləyib.
Türkiyənin strateji əhəmiyyəti
Tanınmış iş adamı və Trampın keçmişdən bəridir dostu olan Barak iki ölkə arasında münasibətlərin dəyişiklik göstərdiyi bir vaxtda Ankarada vəzifəsinin icrasına başlayacaq.
Keçən ay Senatın Xarici Əlaqələr Komitəsində etdiyi təsdiq dinləmələri zamanı Barak Türkiyənin ABŞ-ın müttəfiqi kimi strateji əhəmiyyətini vurğulayıb.
Cənubi Kaliforniyada doğulub böyüyən Barak Cənubi Kaliforniya Universitetini və San Dieqo Hüquq Məktəbini bitirib.
Trampla yaxın əlaqələri ilə tanınan Barak 2016-cı ildəki kampaniyasında əsas məsləhətçi, həmçinin 2017-ci ildə inauqurasiya komitəsinə rəhbərlik edib. 78 yaşlı Barak 2022-ci ilin yanvarından 2024-cü ilin sentyabrına qədər vəzifədə olmuş səfir Ceff Fleyki əvəz edir, səfir postu Fleyk gedəndən bəri boş idi.
Ərdoğan və Tramp arasında “çox məhsuldar” danışıqlar aparılıb
Mayın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampla telefon danışığının “çox məhsuldar, hərtərəfli və səmimi” keçdiyini deyib.
Görüşdən sonra Ərdoğan "X" platformasında "ABŞ prezidenti, dəyərli dostum Donald Trampla bu gün apardığımız telefon danışığı çox məhsuldar, əhatəli və səmimi oldu" sözlərini paylaşıb.
İki ölkə arasında xüsusilə müdafiə sənayesi və ticarət sahələrində əlaqələrin gücləndirilməsi istiqamətində qarşılıqlı iradə olduğunu bir daha təsdiqlədiklərini bildirən prezident iki liderin Türkiyə-ABŞ ikitərəfli əlaqələri, Qəzza müharibəsi, regional və qlobal hadisələr də daxil olmaqla bir sıra mövzuları müzakirə etdiklərini deyib.
"Ümid edirəm ki, dostum Trampla tezliklə görüşəcəm" deyən Ərdoğan bu görüşün "iki ölkə üçün də faydalı olmasını" təmənni edib.