ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff İsrailin Baş naziri Benyamin Netanyahu ilə son günlər bir neçə dəfə əlaqə saxlayaraq onun danışıqlar heyətinin səlahiyyətlərini genişləndirməsini və Fələstin müqavimət hərəkatı (HƏMAS) ilə aparılan danışıqlarda daha çevik davranmasını tələb edib. Bu məlumat İsrailin “Haaretz” qəzetinə adının çəkilməsini istəməyən bir mənbə tərəfindən verilib.
Hazırda Qətərin paytaxtı Dohada olan Vitkoffun təşəbbüsləri İsrailin Qəzzadakı hərbi əməliyyatlarını daha da intensivləşdirdiyi bir vaxta təsadüf edir. İsrail ordusu hücumların ikinci günü Xan Yunis yaxınlığındakı Avropa Qəzza Xəstəxanası kompleksini və digər bölgələri bombalayaraq aralarında qadınların və təxminən 22 uşağın da olduğu təxminən 80 fələstinlini qətlə yetirib.
Trampın bölgəyə səfərinə və davam edən vasitəçi danışıqlara baxmayaraq Netanyahu güzəştə getməkdən imtina edir.
“Haaretz” qəzetinə danışan mənbəyə görə, İsrail iki ay yarım əvvəl irəli sürülmüş və HƏMAS-ın 10 israilli əsiri azad etməsi, habelə həlak olmuş israillilərin cəsədlərinin yarısının qaytarılması qarşılığında 45 günlük atəşkəs və danışıqları nəzərdə tutan “Vitkoff planında” israrlıdır.
“Yedioth Ahronoth” qəzetinin yazdığına görə, “Şin Bet” təhlükəsizlik xidmətinin sədr müavini rəhbərliyindəki İsrail heyəti Dohada Vitkoff və ABŞ-ın əsir işləri üzrə nümayəndəsi Adam Böhler ilə görüş keçirib.
Eyni qəzetin anonim mənbələrə istinadla yaydığı məlumata görə, Vitkoff tərəfləri atəşkəsə razı salmaq üçün əsirlərin mərhələli şəkildə azad edilməsi kimi əlavə təklifləri də dəyərləndirir.
Lakin israilli rəsmilər bildirirlər ki, müharibənin dayandırılması yalnız bütün əsirlərin azad edilməsi, HƏMAS-ın tərki-silah edilməsi və təşkilat rəhbərlərinin sürgünə göndərilməsi şərtləri yerinə yetirildiyi təqdirdə mümkün ola bilər.
Netanyahunun müharibəni uzatması
Çərşənbə günü səhər saatlarında İsrailin “Kanal 12” telekanalı məlumat yayıb ki, ABŞ-ın təzyiqinə baxmayaraq İsrail heyətinin səlahiyyəti yalnız orijinal “Vitkoff planını”n müzakirəsi ilə məhdudlaşdırılıb və əlavə danışıqlara imkan verilməyəcək.
HƏMAS israilli əsirlərin azad edilməsi qarşılığında tam atəşkəsin elan olunması, İsrailin Qəzzadan tamamilə geri çəkilməsi və fələstinli məhbusların azadlığa buraxılmasını nəzərdə tutan hərtərəfli bir razılaşmanı müzakirə etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Netanyahu isə yeni şərt irəli sürərək HƏMAS-ın silahsızlaşdırılmasını tələb edir. Müqavimət hərəkatı isə İsrail işğalının davam edəcəyi müddətdə bu şərtlərlə razı deyil.
Müxalifət nümayəndələri və əsir ailələri Netanyahunu ifrat sağçı qrupları razı salmaq və siyasi hakimiyyətini qorumaq üçün müharibəni qəsdən uzatmaqda ittiham edirlər.
Daha sonra bir İsrail telekanalı məlumat verib ki, Vitkoffun təqdim etdiyi yeni təklif HƏMAS tərəfindən müsbət qarşılanıb, vasitəçilər tərəfindən məqbul sayılıb, lakin Netanyahu tərəfindən rədd edilib.
“Kanal 12” bu planın Vitkoffun Doha səfəri zamanı təqdim edildiyini bildirib.
Xəbərdə qeyd olunur ki, Netanyahu müharibəni sona çatdırmayan qismən razılaşma üçün təzyiq göstərməkdə davam edir.
İsrailin danışıqlar heyəti Vitkoff və Böhlerdən əvvəl mayın 13-də Dohaya gələrək son vasitəçilik raundu üçün görüşlərə başlayıb. Qahirə, Doha və Vaşinqton Trampın yanvarda ikinci prezidentlik müddətinə başlamasından sonra bölgəyə etdiyi ilk səfərin başa çatmasından öncə razılıq əldə etməyə ümid edir.
İsrail hesab edir ki, Qəzzada 58 vətəndaşı əsir saxlanılır, onlardan 20-si hələ də sağdır. Digər tərəfdən insan haqları təşkilatlarının məlumatına görə, İsrail həbsxanalarında 9.900-dən çox fələstinli saxlanılır və onların bir çoxu işgəncə, qida çatışmazlığı və tibbi səhlənkarlıq kimi ağır rəftarlarla üzləşir.
Qəzzada soyqırımı
Xatırladaq ki, Misir və Qətər ABŞ-ın dəstəyi ilə 19 yanvarda başlayan atəşkəs və əsir mübadiləsi razılaşması martın əvvəlində İsrail tərəfindən pozulub. HƏMAS isə razılaşmanın şərtlərinə sadiq qalmışdı.
Qeyd edək ki, İsrail ordusu 2023-cü ilin oktyabrından bəri əksəriyyəti qadın və uşaq olmaqla 65 mindən çox fələstinlini qətlə yetirib. Təxminən 11 min fələstinlinin bombalanmış binaların dağıntıları altında qaldığı ehtimal olunur.
Beynəlxalq Cinayət Məhkəməsi ötən ilin noyabrında Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs qərarı çıxarıb.
İsrail eyni zamanda Qəzzadakı müharibə səbəbindən Beynəlxalq Ədalət Məhkəməsində soyqırımı ittihamı ilə qarşı-qarşıyadır.