SİYASƏT
2 dəqiqə oxuma
ABŞ hücumlardan əvvəl İranı məlumatlandırıb
Rәsmi Vaşinqton hücumdan əvvəl Tehran rәhbәrliyini xəbərdar edib vә İran uranı gizli yerlərə köçürübmüş
ABŞ hücumlardan əvvəl İranı məlumatlandırıb
6 saat əvvəl

Amerika Birləşmiş Ştatları İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən əsas nüvə obyektlərinə qarşı həyata keçirdiyi dağıdıcı hava hücumlarından əvvəl Tehran rәhbәrliyini səssizcə məlumatlandırıb. Bu addım rәsmi Vaşinqtonun genişmiqyaslı müharibə istəmədiyini göstərmək məqsədi daşıyıb.

Adının açıqlanmasını istəməyən yüksək vәzifәli iranlı siyasi mənbə “Amwaj.media”ya açıqlamasında ABŞ-ın 21 iyun tarixində Fordo, İsfahan və Natanz nüvə obyektlərini hədəfə almağı planladığını və tammiqyaslı qarşıdurma niyyətində olmadığını İran tərəfinə çatdırdığını təsdiqləyib.

Bu xəbərdarlıqdan dərhal sonra İranlı rəsmilər nüvə obyektlərini boşaldaraq zənginləşdirilmiş uran ehtiyatlarının əksəriyyətini açıqlanmayan yerlərə köçürüblər. Lakin nə ABŞ, nə də İran rəsmiləri bu barədə ictimaiyyətə rəsmi açıqlama verməyib.

Birləşmiş Krallığın biznes və ticarət naziri Conatan Reynolds isə bildirib ki, rәsmi London da bu barədə hücumdan əvvəl məlumatlandırılıb.

Hücum zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd “B-2” bombardman təyyarəsi Fordoda yerləşən yeraltı zənginləşdirmə obyektinə altı ədəd, hər biri 13,6 kiloqram ağırlığında olan sığınacaq deşici bomba atıb. Hərbi ekspertlərin qiymətləndirməsinə görə, bu bombalardan ikisi Fordonun gücləndirilmiş girişlərini, digər ikisi isə ventilyasiya şaxtalarını hədəf alıb.

Eyni zamanda, ABŞ-a məxsus bir sualtı qayıq Natanz və geniş İsfahan nüvə komplekslərinə 30 ədəd “Tomahawk” qanadlı raketi atıb. Qeyd edək ki, hər iki obyekt bir neçə gün əvvəl İsrail qüvvələri tərəfindən də hədəfə alınmışdı.

 

ABŞ-ın rolu və D.Trampın açıqlaması

ABŞ prezidenti Donald Tramp isə açıqlamasında hücumların nəticəsində nüvə obyektlərinin tamamilə məhv edildiyini bəyan edərək, növbәti ABŞ hücumlarının daha da böyük olacağı barədə xəbərdarlıq edib.

İran bu hücumları qanunsuz və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirərək kəskin şəkildə qınayıb.

Qeyd edək ki, daha öncə Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarətçisi olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə öhdəliklərini pozduğunu bildirmişdi. Bunun ardınca İranın nüvə idarəsi agentliyi ölkənin nüvə proqramı ilə bağlı həqiqətləri gizlətməkdə ittiham etmiş və hüquqi tədbirlərin hazırlandığını açıqlamışdı.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us